Bakı. Trend:
Bu günün ilk saatlarından bəri Hörmüz boğazında Omanın Xəsəb limanının şimalında dəniz minalarına düşməsi nəticəsində 2 neft tankeri partlayıb və yanğın baş verib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Bu neft tankerlərindən birində minimum 2 milyon barel xam neft olub ki, tanker yanğın vəziyyətində tərk edilib”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirib ki, sözügedən neft tankerləri GPS sistemlərini söndürməklə ABŞ ordusunun qırıcı təyyarələrinin dəstəyi ilə Hörmüz boğazından gizli şəkildə keçməyə cəhd edib. Lakin dəniz minasına düşərək hərəkətlərini dayandırıblar.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.