Bakı. Trend:
Azərbaycanda yeni tikiləcək və yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələrinin binalarının layihələndirilməsi, su və kanalizasiya sistemləri, havalandırma, rəqəmsal idarəetmə, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı yeni normalar təsdiq edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 29 oktyabr 2026-cı il tarixli qərarı ilə “Heyvandarlıq və quşçuluq müəssisələrinin binaları və yerləşgələri. Layihələndirmə normaları” təsdiqlənib.
Yeni normalar heyvan və quşların saxlanılması üçün tikiləcək, eləcə də yenidən qurulacaq müəssisələrin bina və qurğularının layihələndirilməsinə şamil edilir. Sənəd qüvvəyə mindikdən sonra SSRİ Dövlət Tikinti Komitəsinin 18 iyun 1984-cü il tarixli qərarı ilə təsdiq edilmiş СНиП 2.10.03-84 normativ sənədinin Azərbaycan ərazisində hüquqi qüvvəsi dayandırılacaq. Yeni normalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minəcək.
Binaların layihələndirilməsi və ölçüləri ilə bağlı tələblər
Yeni normalara əsasən, heyvandarlıq və quşçuluq müəssisələrinin binaları, bir qayda olaraq, düzbucaqlı formada, birmərtəbəli və eni, hündürlüyü eyni olan paralel aşırımlarla layihələndirilməlidir. Müxtəlif istiqamətlərdə aşırımları, eləcə də fərqli eni və hündürlüyü olan binaların tikintisinə yalnız müvafiq əsaslandırma olduqda icazə verilir.
Donuz və quşların saxlanılması üçün nəzərdə tutulan binaların çoxmərtəbəli layihələndirilməsinə də əsaslandırılmış hallarda yol verilir. Belə binaların ölçüləri və mərtəbələrinin sayı müxtəlif layihə variantlarının texniki-iqtisadi müqayisəsi əsasında müəyyən edilməlidir.
Sənəddə heyvanların növünə uyğun olaraq yerləşgələrin minimum hündürlükləri də müəyyənləşdirilib. Belə ki, iri buynuzlu heyvanlar üçün bu göstərici 2,4 metr, qalın döşənəkdən istifadə edildikdə 3,3 metr, donuz, qoyun və keçilər üçün 2,4 metr olmalıdır.
Cins atların yetişdirilməsi üçün nəzərdə tutulan tövlələrdə minimum hündürlük 3,5 metr, işçi və satış atlarının saxlanıldığı yerlərdə 2,5 metr, atların məşqi və sınağı üçün manejlərdə isə 4,5 metr müəyyən edilib. Cins dəvələr üçün bu göstərici 3 metr, satış dəvələri üçün 2,7 metr, quşların saxlanıldığı yerləşgələr, qəfəs zalları və inkubasiya zalları üçün 3 metr olmalıdır.
Binaların pəncərə oyuqlarının aşağı hissəsinin döşəmədən hündürlüyü də heyvanların növünə görə tənzimlənir. İri buynuzlu heyvanlar üçün minimum 1,2 metr, atlar üçün 2,2 metr, donuzlar üçün 1,2 metr, qoyunlar üçün 1 metr, keçilər üçün 1,6 metr, dəvələr üçün 1,8 metr, quşlar üçün isə 1,5 metr nəzərdə tutulmalıdır. Döşənək tətbiq edilən bəzi yerləşgələrdə bu göstəricilər artırılır.
Bütün heyvandarlıq binalarında asma avadanlıq və kommunikasiya konstruksiyalarının aşağısına qədər hündürlük 2 metr olmalıdır. Quşçuluq binalarında insanların müntəzəm keçdiyi yerlərdə minimum 2,5 metr, qeyri-müntəzəm keçidlərdə isə 1,8 metr hündürlük tələb olunur.
Döşəmələr sürüşkən, aşındırıcı və kimyəvi cəhətdən zəhərli olmamalı, suya, axan mayelərə və dezinfeksiya vasitələrinə davamlı olmalıdır. Beton döşəmələrin sukeçirməzliyi W12-W16 markalı beton və hidroizolyasiya materialları vasitəsilə təmin edilməlidir.
Heyvanların saxlanıldığı boks və keçidlərdə istilik itkisini azaltmaq və gigiyenik şəraiti yaxşılaşdırmaq üçün rezin ayaqaltılar, həsirlər və digər istilikizolyasiyaedici örtüklər tətbiq olunmalıdır. Sağımxanaların, südün emalı və saxlanılması otaqlarının, inkubatorların, laboratoriyaların və yem hazırlanması sahələrinin divarları isə 1,8 metr hündürlüyədək rütubətədavamlı materiallarla üzlənməli və ya boyanmalıdır.
Yanğın təhlükəsizliyi və bina sahələri
Normalarda binaların mərtəbəliliyi, odadavamlılıq dərəcəsi və yanğınəleyhinə divarlar arasında icazə verilən sahələr istehsalatın yanğın-partlayış təhlükəliliyi kateqoriyasına uyğun müəyyən edilib.
“V” kateqoriyalı istehsalatda II odadavamlılıq dərəcəli binaların mərtəbə sayına məhdudiyyət qoyulmur. III odadavamlılıq dərəcəli binalarda maksimum 3 mərtəbə, IV dərəcəli binalarda 2 mərtəbə, V dərəcəli binalarda isə 1 mərtəbə nəzərdə tutulur.
Bu kateqoriyada III odadavamlılıq dərəcəli birmərtəbəli binalarda yanğınəleyhinə divarlar arasındakı sahə 3 000 kvadratmetr, çoxmərtəbəli binalarda 2 000 kvadratmetr ola bilər. IV dərəcəli binalarda müvafiq göstəricilər 2 000 və 1 200 kvadratmetr, V dərəcəli birmərtəbəli binalarda isə 1 200 kvadratmetrdir.
“D” kateqoriyalı istehsalatda II odadavamlılıq dərəcəli binaların mərtəbə sayına da məhdudiyyət qoyulmur. III dərəcəli binalarda maksimum 3, IV dərəcəli binalarda 2, V dərəcəli binalarda isə 1 mərtəbəyə icazə verilir. Yanğınəleyhinə divarlar arasındakı sahə III dərəcəli birmərtəbəli binalarda 5 200 kvadratmetr, çoxmərtəbəli binalarda 3 500 kvadratmetr, IV dərəcəli binalarda müvafiq olaraq 3 500 və 2 000 kvadratmetr, V dərəcəli birmərtəbəli binalarda isə 2 000 kvadratmetr müəyyənləşdirilib.
Texnoloji layihələndirmə tələbləri əsasında “V” kateqoriyalı istehsalatda quş və qoyunların saxlanılması üçün V odadavamlılıq dərəcəli birmərtəbəli binaların yanğınəleyhinə divarlar arasındakı sahəsinin 1 800 kvadratmetrə qədər artırılmasına yol verilir.
Qaba yem və yanar döşənəyin saxlanıldığı çardaqlarda yanmayan dam materiallarından istifadə edilməli, elektrik naqilləri mexaniki zədələnmələrdən qorunmalıdır. Ağac konstruksiyaların yanğından mühafizəsi üçün yanar istilikizolyasiya materialının üzərinə 20 millimetr qalınlığında gil suvağı çəkilməli və ya yanmayan izolyasiya materialı tətbiq olunmalıdır.
Partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələri, eləcə də qaba yem anbarları digər yerləşgələrdən odadavamlılıq həddi azı R60 olan divar və ya arakəsmələrlə ayrılmalı və birbaşa xaricə çıxışla təmin edilməlidir.
Heyvan və quşların saxlanıldığı binalarda təxliyə zamanı maneəsiz hərəkət üçün xüsusi keçidlər, bölmələr və təhlükəsiz toplama sahələri yaradılmalıdır. Bölmələrə ayrılmış binalarda hər bölmədən birbaşa xaricə və ya təhlükəsiz zonaya çıxışı təmin edən ən azı 2 müstəqil təxliyə marşrutu nəzərdə tutulmalıdır.
Su təchizatı və kanalizasiya sistemləri
Yeni normalara görə, heyvandarlıq və quşçuluq müəssisələrində heyvanların və quşların suvarılması, yemin hazırlanması, südün sağılması və ilkin emalı, avadanlıqların yuyulması, döşəmələrin təmizlənməsi və digər istehsalat ehtiyacları üçün, bir qayda olaraq, içməli su keyfiyyətində su təmin edilməlidir.
İlin soyuq dövründə heyvanlara verilən suyun temperaturu yaşlı heyvanlar üçün 10-12 dərəcə, cavan heyvanlar üçün isə yaşlarından asılı olaraq 16-30 dərəcə arasında olmalıdır.
İntensiv əsaslı qoyunçuluq təsərrüfatlarında heyvanların saxlanıldığı binalar daxili su təchizatı kəmərləri ilə təchiz edilməlidir. Otlaq əsaslı və mövsümi qoyunçuluq təsərrüfatlarında isə daxili su kəmərinin olmamasına icazə verilir. Bu halda gəzinti-yemləmə meydançalarında qrup suvatları quraşdırılmalı, quzulama bölmələrinə və anacların sağılması üçün sağımxanalara su kəməri çəkilməlidir.
Müəssisələrdə ümumi su sərfinə nəzarət məqsədilə su kəmərinin girişində sayğac quraşdırılması tələb olunur. Döşəmələrin yuyulması üçün nəzərdə tutulan kranların təsir radiusu 30 metr, çiləyicidə təzyiq isə minimum 5 metr olmalıdır.
Müəyyən kateqoriyalı binalarda daxili yanğın əleyhinə su kəmərləri də quraşdırılmalıdır. Xüsusilə, yanar materiallardan hazırlanmış qəfəslərdə quşların saxlanıldığı binaların tutumu 25 000 başdan çox olduqda, qaba yem və yanar döşənək üçün nəzərdə tutulan çardağın sahəsi 2 000 kvadratmetr və daha çox olduqda, donuz və quşların saxlanıldığı çoxmərtəbəli binalarda, eləcə də sahəsi 10 000 kvadratmetrdən çox olan “V” kateqoriyalı istehsalat binalarında yanğın əleyhinə su kəməri nəzərdə tutulmalıdır. Bu sistemdə suyun hesablama sərfi bir şırnaq üçün saniyədə 2,5 litr qəbul edilir.
Kanalizasiya sistemləri heyvanların yuyulması, saxlanma sahələrinin və sağım zallarının təmizlənməsi, avadanlıqların yuyulması nəticəsində yaranan istehsalat çirkab sularını, eləcə də təsərrüfat-məişət sularını kənarlaşdırmalıdır.
Qəfəsdə quş saxlanılan birmərtəbəli binalarda istehsalat çirkab sularının üstü açıq novlarla toplanmasına icazə verilir. Belə novların dərinliyi maksimum 120 millimetr, eni isə minimum 100 millimetr olmalıdır. Quşçuluq binalarında axar su suvatlarından gələn çirkab sularının magistral xətlərində tük və lələklərin tutulması üçün qurğular quraşdırılmalıdır.
Peyinin kənarlaşdırılması mexaniki və hidravlik üsullarla həyata keçirilməlidir. Mexaniki təmizləmə üçün nəzərdə tutulan uzununa kanalların eni minimum 300 millimetr, dərinliyi isə 400 millimetr olmalıdır.
Şnekli sistemlərdə uzununa kanalın həcmi peyinin 2 sutkalıq miqdarının toplanması nəzərə alınmaqla hesablanmalıdır. Bu sistemlər üçün kanallar minimum 500 millimetr enində metal barmaqlıqlarla örtülməlidir. Uzununa və eninə şnekli transportyorların vintləri arasındakı hündürlük fərqi 150-200 millimetr olmalıdır.
Hidravlik üsulla peyin kənarlaşdırılmasında kanal ölçüləri heyvanların növünə və saxlanma üsuluna uyğun müəyyənləşdirilir. Məsələn, iri buynuzlu mal-qaranın bağlı saxlanıldığı yerlərdə özaxımlı sistem üçün kanalın minimum eni 0,8 metr, sərbəst saxlanıldığı yerlərdə isə 1,5 metr olmalıdır. Özaxımlı sistemdə boyuna kanalların maksimum uzunluğu bağlı saxlanılan mal-qara üçün 30 metr, sərbəst saxlanılanlar üçün isə sistemin iş rejimindən asılı olaraq 40-50 metr müəyyən edilib.
İsitmə, ventilyasiya və mikroiqlimə nəzarət
Yeni qaydalara əsasən, bütün heyvandarlıq və quşçuluq binaları ventilyasiya sistemi ilə təchiz edilməlidir. İsitmə, soyutma və havalandırma sistemləri temperatur, nisbi rütubət, havanın hərəkət sürəti, qaz tərkibi, toz və bakterioloji çirklənmə, eləcə də hava mübadiləsinin intensivliyi üzrə tələb olunan mikroiqlim göstəricilərini təmin etməlidir.
İsitmə və ventilyasiya sistemlərinin gücü heyvan və quşlardan ayrılan istilik, rütubət və qazlar, avadanlıqların yaratdığı istilik, günəş radiasiyası, binanın konstruksiyalarından istilik itkisi və digər amillər nəzərə alınmaqla hesablanmalıdır. Ventilyasiya vasitəsilə tələb olunan temperaturun və mikroiqlimin təmin edilməsi mümkün olmadıqda kondisionerlərdən istifadə edilə bilər.
İsitmə və ventilyasiya, isti su təchizatı və texnoloji ehtiyaclar üçün istiliyin mərkəzləşdirilmiş qaydada, istilik elektrik stansiyalarının şəbəkələrindən və qazanxanalardan təmin edilməsi tövsiyə olunur. Texniki və iqtisadi baxımdan məqsədəuyğun olduqda elektrik qızdırıcı qurğularından və istilik generatorlarından da istifadə edilə bilər.
İri buynuzlu heyvanlar qəfəsli döşəmələrdə saxlanıldıqda və döşəmənin altında peyin üçün zirzəmi olduqda həmin sahələrdən minimum hava mübadiləsinin ən azı 30 faizini soran havalandırma qurğusu nəzərdə tutulmalıdır.
Donuz və quşların saxlanıldığı yerləşgələrdə isə minimum hava mübadiləsinin azı 50 faizi aşağı zonadan sorulmalıdır. Qoyun tövlələrində ilin keçid dövründə sorucu havalandırmanın minimum hava mübadiləsinin 50 faizədək hissəsini təmin etməsi nəzərdə tutulur.
İsitmə və ventilyasiya sistemlərinin layihələndirilməsində temperatur və rütubət göstəricilərinə də xüsusi diqqət yetirilməlidir. Xarici havanın temperaturunun 10 dərəcə və aşağı olduğu şəraitdə nisbi rütubət ən soyuq beşgünlükdə orta temperaturun mənfi 15 dərəcədən yuxarı olduğu rayonlarda 85 faiz, mənfi 15-25 dərəcə arasında olduğu rayonlarda 80 faiz, mənfi 25 dərəcə və daha aşağı olduğu ərazilərdə isə 75 faiz qəbul edilməlidir.
Qızdırıcı cihazların səthinin temperaturu döşəmədə quşların saxlanıldığı sahələrdə maksimum 105 dərəcə, heyvanların və qəfəsdə quşların saxlanıldığı digər istehsalat sahələrində isə 150 dərəcəyədək ola bilər.
Rəqəmsal idarəetmə və avtomatlaşdırma
Sənəddə heyvandarlıq və quşçuluq komplekslərində rəqəmsal idarəetmə sistemlərinin tətbiqinə dair ayrıca tələblər müəyyənləşdirilib.
Belə ki, quşçuluq komplekslərində mikroiqlimə nəzarət sistemləri ammonyak (NH₃), karbon qazı (CO₂) və hidrogen-sulfid (H₂S) konsentrasiyalarını fasiləsiz izləməlidir. Qazların konsentrasiyasının yol verilən hədlərə uyğunluğu müəyyənləşdirilməli, sistemlər kalibrasiya edilməli və avtomatlaşdırılmalıdır.
İstilik stresi riski olan heyvandarlıq və quşçuluq obyektlərində temperatur-rütubət indeksinin avtomatik hesablanması təmin edilməlidir. İndeks müəyyən edilmiş normativ hədləri aşdıqda dumanlandırma, evaporativ soyutma, tunel ventilyasiyası və ya digər soyutma sistemləri avtomatik işə düşməlidir.
İşıqlandırma sistemləri enerji səmərəliliyi nəzərə alınmaqla avtomatlaşdırılmalıdır. Quşların yaş qruplarına, məhsuldarlıq istiqamətinə və saxlanma rejiminə uyğun olaraq işıq intensivliyi və spektral tərkib tənzimlənməlidir. Heyvan və quşların davranışına mənfi təsir göstərə bilən işıq titrəməsinə yol verilməməlidir.
Bundan başqa, su təchizatı sistemləri su sərfiyyatını fasiləsiz qeydə alan rəqəmsal ölçmə cihazları ilə təchiz edilməlidir. Su sərfiyyatında normadan kənar dəyişikliklər aşkarlandıqda sistem avtomatik xəbərdarlıq verməlidir.
Ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi
Yeni normalar heyvandarlıq və quşçuluq müəssisələrinin ətraf mühitə təsirinin nəzərə alınmasını da tələb edir.
Müəssisələr layihələndirilərkən peyin, gübrə və peyin-gübrə tərkibli çirkab sularının ətraf mühiti və qrunt sularını çirkləndirməsinin qarşısı alınmalıdır. Bu tullantıların kənd təsərrüfatı torpaqlarında istifadəsi və ya üzvi gübrə istehsalına yönəldilməsi nəzərdə tutulmalıdır.
Müəssisələrin açıq su mənbələrindən, o cümlədən çay və göllərdən məsafəsi su mühafizə zonalarına və baytarlıq-sanitariya normalarına uyğun müəyyən edilməlidir.
Binalardan ventilyasiya vasitəsilə xaric edilən çirklənmiş havanın ətraf mühitdə yayılması hesablanmalı, atmosferə atılan toz-qaz tullantılarının miqdarı müəyyənləşdirilməlidir.
Müəssisələrin ərazisində binalar hakim küləklərin istiqaməti nəzərə alınmaqla yerləşdirilməli, küləklərin əsas istiqaməti yaşayış məntəqələrindən əks tərəfə yönəlməlidir. Bütün hallarda sanitariya-mühafizə zonasının sərhədində atmosferə atılan çirkləndiricilərin konsentrasiyası yaşayış məntəqələri üçün müəyyən edilmiş göstəriciləri aşmamalıdır.
Elektrik təchizatı və enerji səmərəliliyi
Heyvandarlıq və quşçuluq müəssisələrinin elektrik qurğuları qüvvədə olan elektrik quraşdırılması qaydalarına uyğun layihələndirilməlidir. Heyvanların saxlanıldığı sahələrdə elektrik təhlükəsizliyinin təmin edilməsi üçün elektrik potensiallarının bərabərləşdirilməsi tələb olunur.
Bundan başqa, enerji resurslarından səmərəli istifadə məqsədilə közərmə lampalarının işıqlandırma üçün istifadəsinə yol verilmir.
Layihələrdə təkrar istifadə oluna bilən yanacaq-enerji resurslarından istifadənin artırılması, texnoloji aqreqatlarda istiliyin bərpası və istilik nasosları vasitəsilə aşağı potensiallı istiliyin utilizasiyası üzrə tədbirlər nəzərdə tutulmalıdır.
Beləliklə, təsdiq edilmiş normalar heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsində tikinti və təhlükəsizlik tələbləri ilə yanaşı, avtomatlaşdırılmış idarəetmə, enerji səmərəliliyi, su ehtiyatlarından istifadəyə nəzarət və ekoloji mühafizə məsələlərini də əhatə edir.