Bakı. Trend:
Azərbaycan 2027-ci il üçün “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İş Planının həyata keçirilməsinə töhfə verməyə və birgə təşəbbüslərin konkret layihələrə çevrilməsinə dəstək göstərməyə hazırdır.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov rəsmi “X” hesabında yazıb.
“Çinin Çindao şəhərində “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyətinin ilk plenar iclasında Avrasiyanın enerji gələcəyində etibarlı bağlantıların və strateji tərəfdaşlığın rolunu vurğuladıq”, – deyə nazir qeyd edib.
O bildirib ki, iclas iştirakçıları transsərhəd enerji əlaqələri, “yaşıl” enerji, innovativ texnologiyalar və maliyyələşdirmə sahələrində əməkdaşlığı əhatə edən yekun sənədləri dəstəkləyiblər.
“Azərbaycanın enerji potensialı, strateji mövqeyi və regional əməkdaşlıq təcrübəsi ilə 2027-ci il üzrə İş Planının icrasına, birgə təşəbbüslərin konkret layihələrə çevrilməsinə töhfə verməyə hazır olduğumuzu bildirdik”, – deyə P.Şahbazov yazıb.
Qeyd edək ki, “Kəmər və Yol” təşəbbüsü transsərhəd nəqliyyat-logistika, enerji və telekommunikasiya infrastrukturunun kompleks inkişafını, eləcə də makroiqtisadi siyasətin əlaqələndirilməsini, ticarət və investisiya sahəsində maneələrin aradan qaldırılmasını, ticarətdə milli valyutalardan istifadənin genişləndirilməsini və insanlar arasında əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.
“Kəmər və Yol” təşəbbüsü çərçivəsində Enerji Tərəfdaşlığının yaradılması barədə 2019-cu il aprelin 26-27-də Pekində keçirilən “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq üzrə İkinci Forumda elan edilib.
2021-ci ilin əvvəlində Çin “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq üzrə İkinci Forumundan əvvəl yaradılmış Enerji Tərəfdaşlığının tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planlarını açıqlayıb. Bu təklif Enerji Tərəfdaşlığının iştirakçıları tərəfindən dəstəklənib.