Bakı.Trend:
Rəsmi Paris Rusiya Prezidenti Vladimir Putinin Fransanın Moskvaya nümayəndə göndərilməsi ilə bağlı təklifini dəyərləndirib.
Fransanın Rusiyadakı səfirliyindən RBK-ya bildiriblər ki, Fransa yalnız Rusiyanın Ukrayna üzrə danışıqlarda Avropanın tamhüquqlu iştirakını təsdiqləyəcəyi təqdirdə bu təklifi qəbul edəcək.
“Yelisey sarayında daha əvvəl bəyan edildiyi kimi, bir şərt var: Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar masasında Avropanın tamhüquqlu yer alacağına dair təsdiq almalıyıq”, – səfirliyin adı açıqlanmayan nümayəndəsi bildirib.
Noyabrın 19-da Çində keçirilən APEC sammitində Vladimir Putin Rusiya hakimiyyətinin Avropa nümayəndələrini regionda təhlükəsizliyin təmin olunması ilə bağlı mövqelərini öyrənmək üçün Moskvaya dəvət etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bundan sonra Kreml Ukrayna ilə dialoqun hansı formatda davam etdiriləcəyinə qərar verəcək.
"Bloomberg"in mənbələri Böyük Britaniya, Almaniya və Fransa rəsmilərinin Rusiya nümayəndələri ilə mümkün görüşü müzakirə etdiklərini bildiriblər.
Fransa səfirliyinin nümayəndəsinin sözlərinə görə, Avropa “üçlüyünün” Moskvaya mümkün səfərinin tarixi və detalları hələ müəyyən edilməyib.
O, danışıqlar üçün Moskvaya dəvəti “ümidverici” adlandırıb. Bildirib ki, indiyədək Rusiya yalnız Vaşinqtonla əlaqə saxlayıb və Avropa İttifaqı ilə bağlı bütün qərarların ABŞ tərəfindən verildiyini güman edib.
“Lakin bu, belə deyil. Bir sıra məsələlərin müzakirəsində məhz Avropa mərkəzi rol oynamalıdır. Söhbət təhlükəsizlik arxitekturasının gələcəyindən, sanksiyalardan, Ukraynanın bərpasından və Rusiyanın dondurulmuş aktivlərindən gedir”, – diplomat qeyd edib.