Bakı. Trend:
Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən “İRS” silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin tərəfdaşlığı ilə cari ildə nəşr olunan kitabların təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının, elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycanın zəngin tarixinin və mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq auditoriyaya tanıdılmasının əhəmiyyətindən danışıb. O, milli dəyərlərin təbliğinə xidmət edən bu kimi təşəbbüslərin cəmiyyət üçün uzunmüddətli dəyər yaratdığını vurğulayıb.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyətindən və həyata keçirilən layihələrdən bəhs edib. O bildirib ki, “İRS” nəşriyyatı uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünyaya çatdıran beynəlxalq platforma kimi fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu qeyd edən Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq əhatəsinin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Çıxış zamanı 2026-cı ildə nəşr olunan kitabların məzmunu da təqdim edilib. “Azərbaycan. Yeni dönəm” kitabı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qədəm qoyduğu yeni tarixi mərhələni, regionda formalaşan reallıqları, iqtisadi və strateji yüksəlişini əks etdirir.
“Ulu Mədəniyyət Ağacı” nəşri Azərbaycan xalqının minilliklər ərzində yaratdığı ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sənətinin zəngin köklərini araşdırır.
“Nağılın sonu” kitabı dünya təsviri sənətinin mühüm istiqamətlərindən olan Təbriz miniatür məktəbinə həsr olunub. Nəşrdə XIII–XVI əsrlərdə formalaşmış bu sənət məktəbinin tarixi, onun inciləri və mədəni irsimizdəki yeri işıqlandırılır.
“Gələcəyin şəhərləri” kitabında müasir şəhərsalma yanaşmaları, Bakının qədim və müasir memarlıq harmoniyası, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyaları əsasında həyata keçirilən bərpa və quruculuq işləri əksini tapıb.
“Sivilizasiyaların qovşağında” nəşri isə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, multikulturalizm ənənələri və tolerantlıq modeli haqqında məlumatları əhatə edir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliğinin əhəmiyyətini vurğulayıb. O, xarici ölkələrdə təşkil olunan kitab təqdimatlarının və nəşrlərin beynəlxalq kitabxanalara, fondlara çatdırılmasının ölkəmizin mədəni tanıtımına mühüm töhfə verdiyini qeyd edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərinə, Böyük Qayıdış proqramının əhəmiyyətinə toxunub. O, kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından mühüm vasitə olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə nəşrlərin Azərbaycanın zəngin mədəni irsini, təbiətini və milli sərvətlərini əks etdirdiyini qeyd edib. O, Azərbaycan musiqisinin, tarixinin və mədəni sərvətlərinin ölkəmizin zənginliyini bütövlükdə ifadə etdiyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan milli musiqisinin nümunələri də səsləndirilib. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Cəfərbəyli və Ayişən Mehdiyeva çıxış ediblər. Tədbir bütün ifaçıların birgə ifasında “Mehriban olaq” mahnısı ilə yekunlaşıb.
Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycanın zəngin keçmişinin, milli kimliyinin, mədəni və mənəvi dəyərlərinin, eləcə də müasir inkişafının beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. “PAŞA Həyat Sığorta” ASC-nin tərəfdaşlığı ilə davam edən bu təşəbbüs milli irsimizin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə töhfə verir.





