Bakı. Trend:
“İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda qəbul edilib.
Trend-in plenar iclasda iştirak edən müxbirinin xəbərinə görə, işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsində xərclərin 319,2 milyon manat, gəlirlərin isə 268,9 milyon manat olması proqnozlaşdırılır.
Növbəti il ərzində 18 500 işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb edilməsi, özünüməşğulluq proqramına 113 milyon manat ayrılması, ölkə üzrə 52 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur.
Fondun gəlirləri 268,9 milyon manat proqnozlaşdırılır
“İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən, fondun gəlirlərinin 268,9 milyon manat təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, əvvəlki illərdən istifadə olunmamış vəsaitin 50,3 milyon manatının 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Gəlirlərin əsas hissəsi işsizlikdən sığorta haqları hesabına formalaşacaq. Bu mənbədən daxilolmaların 267,2 milyon manat olacağı proqnozlaşdırılır. Həmin məbləğ 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 30,6 milyon manat və ya 12,93 faiz, 2025-ci ilin icra göstəricisindən isə 33,71 milyon manat və ya 14,44 faiz çoxdur.
Sığorta haqları üzrə daxilolmaların 59,6 milyon manatının büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda çalışanlar, 207,6 milyon manatının isə qeyri-büdcə sektoru üzrə formalaşacağı gözlənilir. Beləliklə, sığorta haqları üzrə proqnozlaşdırılan daxilolmaların təxminən 78 faizi qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun digər gəlirlərinin 1,7 milyon manat olacağı nəzərdə tutulur.
Xərclər bir ildə 19,82 faiz artacaq
2027-ci ildə fondun xərclərinin 319,2 milyon manat təşkil etməsi planlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 52,8 milyon manat və ya 19,82 faiz, 2025-ci ilin faktiki icra göstəricisindən isə 105,92 milyon manat və ya 49,66 faiz çoxdur.
Xərclərin maliyyələşdirilməsi üçün fondun gəlirləri ilə yanaşı, əvvəlki illərdən qalan 50,3 milyon manat istifadə olunmamış vəsaitdən yararlanılacaq.
Büdcə layihəsində ən böyük vəsait özünüməşğulluq tədbirlərinə, Dövlət Məşğulluq Agentliyinin və əlaqəli qurumların fəaliyyətinin təmin edilməsinə, eləcə də işsizlikdən sığorta ödənişlərinə ayrılır.
İşsizlikdən sığorta ödənişlərinə 36 milyon manat ayrılacaq
İşsizliyə görə sığorta ödənişlərinin maliyyələşdirilməsi üçün 36 milyon manat nəzərdə tutulub. Bu, 2026-cı il üzrə təsdiq edilmiş vəsaitdən 8 milyon manat və ya 28,57 faiz çoxdur.
İzahata görə, 2026-cı ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş şəxslərə qanunvericilikdə müəyyən olunan müddətlər çərçivəsində 2027-ci ildə də ödənişlərin davam etdirilməsi gözlənilir. Eyni zamanda, əmək müqaviləsinə xitam veriləcək və işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq şəxslərin sayında artım proqnozlaşdırılır. Bu səbəbdən əvvəlki ildən davam edən ödənişlərlə yanaşı, yeni müraciətlər və təkrar müraciətlər üzrə təyinatların da çoxalacağı ehtimal edilir.
Sənəddə orta aylıq və minimum aylıq əməkhaqqının artmasının sığorta ödənişlərinin məbləğinə təsir göstərəcəyi də qeyd olunur. Orta aylıq əməkhaqqının yüksəlməsi ödənişlərin yuxarı həddinin, minimum aylıq əməkhaqqının artırılması isə minimum sığorta ödənişinin məbləğinin artmasına səbəb olacaq.
18 500 nəfər peşə hazırlığına cəlb ediləcək
İşsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun hazırlanması üçün peşə hazırlığı və əlavə təhsil tədbirlərinə 27,3 milyon manat ayrılması nəzərdə tutulur.
Bu vəsait hesabına 18 500 nəfərin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 1 000 nəfər çoxdur.
Peşə hazırlığının təşkili üçün özəl tədris müəssisələrinə 7,8 milyon manat, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinə 9,2 milyon manat, təqaüdlərin ödənilməsinə 8,8 milyon manat ayrılacaq. Beynəlxalq sertifikasiya kurslarının təşkili üçün 1 milyon manat, əyani tədris və təbliğat materiallarının hazırlanması və digər əlaqəli işlər üçün isə 500 min manat nəzərdə tutulur.
Peşəyönümü xidmətlərinə 1,6 milyon manat yönəldiləcək
2027-ci ildə peşəyönümü üzrə məsləhət xidmətlərinin göstərilməsinə 1,6 milyon manat ayrılması planlaşdırılır.
Bu istiqamətdə “PeşəFest”, “Gələcəyin Peşələri Sammiti”, “İdeaton – Məşğulluq ideyalarının dəstəklənməsi”, “Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi”, “İnklüziv Karyera Forumu” və regional məşğulluq forumlarının keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, karyera məsləhətində kouçinq yanaşmasının tətbiqi, peşə seçimi və karyera istiqamətləndirilməsi üçün psixometrik testlərin və diaqnostik vasitələrin hazırlanması, gənclərin və valideynlərin məlumatlandırılması planlaşdırılır.
Ölkə üzrə 52 əmək yarmarkası keçiriləcək
Əmək yarmarkalarının təşkili üçün 500 min manat vəsait ayrılacaq. 2027-ci il ərzində ölkə üzrə 52 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur.
Vəsait məkan və çadırların icarəsinə, afişa və reklam lövhələrinin, rollap və bukletlərin çapına, eləcə də digər təşkilati xərclərə sərf ediləcək.
Sənəddə əmək yarmarkalarının işaxtaran şəxslərin vakansiyalarla tanış olması, işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması və əmək bazarında tələb və təklifin uzlaşdırılması baxımından əhəmiyyəti vurğulanır.
İctimai işlərə 3,8 milyon manat ayrılacaq
İşsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını sürətləndirmək məqsədilə haqqı ödənilən ictimai işlərin təşkilinə 3,8 milyon manat yönəldilməsi planlaşdırılır.
Növbəti il bu istiqamətdə 425 sosial agentin müvafiq işlərə cəlb olunması nəzərdə tutulur. Sənəddə cari ilin sonuna ictimai işlərə 455 nəfərin cəlb edilməsinin planlaşdırıldığı, 2027-ci ildə əməkhaqlarının artırılması ehtimalı nəzərə alınaraq ayrılacaq vəsaitin 425 nəfərin əməkhaqqının ödənilməsinə yönəldiləcəyi bildirilir.
Özünüməşğulluq proqramına 113 milyon manat ayrılacaq
Fondun 2027-ci il büdcəsində ən böyük vəsaitlərdən biri – 113 milyon manat özünüməşğulluq proqramının icrasına ayrılır.
Proqram işsiz və işaxtaran şəxslərin, o cümlədən pay torpağı olduğu halda başqa məşğulluğu olmayan şəxslərin dövlət dəstəyi ilə kiçik sahibkarlıq fəaliyyətinə başlamasına xidmət edir.
Ayrılacaq vəsaitin əsas hissəsinin özünüməşğulluq tədbirlərinin təşkilinə yönəldilməsi nəzərdə tutulur. Bundan əlavə, təlimlərin keçirilməsinə 500 min manat, anbar icarəsinə 1,3 milyon manat, xüsusi həssas kateqoriyalara aid şəxslər üçün özünüməşğulluq layihəsinin icrasına 3 milyon manat, digər xərclərə isə 300 min manat ayrılacaq.
Proqram çərçivəsində təsdiq edilmiş kvotaya uyğun təlimlərin təşkili və iştirakçılara əmlak paylanması nəzərdə tutulur. Özünüməşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, iştirakçılara məsləhət xidmətlərinin göstərilməsi, kənd təsərrüfatı istiqaməti üzrə verilən əmlakların müvafiq sağlamlıq tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.
Həmçinin üstünlük hüququ olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əlilliyi olan şəxslərin əmək bazarına qaytarılması və klaster əsaslı fəaliyyətin təşkili üzrə əlavə layihələrin icrası nəzərdə tutulur.
Sosial iş yerlərinin maliyyələşdirilməsinə 7 milyon manat
Sosial iş yerlərində çalışan şəxslərin əməkhaqlarının bir hissəsinin işəgötürənlərlə birgə maliyyələşdirilməsi üçün 7 milyon manat ayrılacaq. Bu, 2026-cı il üzrə təsdiq edilmiş vəsaitdən 1 milyon manat və ya 16,7 faiz çoxdur.
Bu mexanizm çərçivəsində 1 497 nəfərin əhatə olunması nəzərdə tutulur. Sənəddə sosial iş yerlərinin yalnız məşğulluğun təmin edilməsinə deyil, şəxslərin iş təcrübəsi qazanmasına, real iş mühitinə uyğunlaşmasına və gələcəkdə dövlət dəstəyi olmadan davamlı məşğulluğa keçid imkanlarının genişləndirilməsinə xidmət etdiyi bildirilir.
Peşə standartları yenilənəcək, həssas qruplar üçün əlavə iş yerləri yaradılacaq
Peşə standartlarının hazırlanması və yenilənməsi üçün 1 milyon manat vəsait nəzərdə tutulur. 2027-ci ildə 504 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi planlaşdırılır. Sənəddə cari ildə 1 698 peşə və kvalifikasiya standartının artıq Nazirliyin “e-sosial” portalında yerləşdirildiyi qeyd olunur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılmasına da 1 milyon manat ayrılması proqnozlaşdırılır. Bu mexanizm işəgötürənləri həmin kateqoriyadan olan şəxsləri işə cəlb etməyə təşviq etməyi hədəfləyir.
Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üçün 2 milyon manat nəzərdə tutulur. Agentlik tərəfindən müsabiqə yolu ilə seçilən layihələr çərçivəsində iş yerlərinin yaradılması ilə bağlı işəgötürənlərin çəkdiyi xərclərin 75 faizədək hissəsinin maliyyələşdirilməsi planlaşdırılır. Maliyyələşdiriləcək iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 faizinədək, lakin ümumilikdə 20 iş yerindən çox olmayacaq.
Bundan başqa, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 1 milyon manat ayrılması planlaşdırılır.
Agentliyin və əlaqəli qurumların fəaliyyətinə 75 milyon manat
Dövlət Məşğulluq Agentliyinin aparatının və yerli qurumlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın, eləcə də Naxçıvan Muxtar Respublikasının müvafiq məşğulluq qurumlarının fəaliyyətinin təşkili və saxlanılması üçün ümumilikdə 75 milyon manat ayrılması nəzərdə tutulur.
İzahata əsasən, bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin aparatı və yerli qurumları üçün 64,7 milyon manat, Milli Observatoriya üçün 5,3 milyon manat, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları üçün isə 5 milyon manat nəzərdə tutulur.
Əhalinin sosial sahədə xidmətlərinin təşkili üzrə fəaliyyətin müştərək maliyyələşdirilməsi xərcləri üçün əlavə olaraq 50 milyon manat ayrılması planlaşdırılır.
Məşğulluq xidmətlərinin əhatəsi genişlənib
İzahata görə, işaxtaran və işsiz şəxslərin məşğulluq xidmətləri ilə əhatə olunması son illərdə artıb. Müvafiq tədbirlərlə əhatə olunan vətəndaşların sayı 2015–2020-ci illərdə orta hesabla 150 min nəfər, 2021–2025-ci illərdə isə orta hesabla 331 min nəfər olub. 2026-cı ilin ilk 8 ayı ərzində bu göstərici 274 min nəfəri ötüb.
Sənəddə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində “Əmək və məşğulluq” altsisteminin tam funksionallıqla fəaliyyət göstərdiyi, ali təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərini qiymətləndirmək üçün “Məzunların məşğulluq reytinqi” platformasının istifadəyə verildiyi bildirilir. Dövlət Məşğulluq Agentliyinin xidmətlərinin 5 ISO standartı əsasında sertifikatlaşdırıldığı və rəqəmsallaşdırma sahəsindəki təcrübəsinə görə 6 beynəlxalq mükafata layiq görüldüyü də qeyd olunur.
2027-ci il üçün məşğulluq siyasətinin prioritetləri
Büdcə layihəsi hazırlanarkən əmək bazarındakı demoqrafik, iqtisadi və texnoloji dəyişikliklər nəzərə alınıb. Sənəddə əmək ehtiyatlarının artması, ticarət və iaşə kimi ənənəvi xidmət sahələrinin muzdlu məşğulluqda əhəmiyyətli paya malik olması, eləcə də sərbəst çalışma modellərinə tələbatın yüksəlməsi əsas meyillər kimi göstərilir.
Xüsusilə IT xidmətləri, biznes və maliyyə məsləhətçiliyi, təlimçilik və hüquqşünaslıq kimi peşəkar fəaliyyətlərlə yanaşı, taksi və çatdırılma xidmətləri kimi sahələrdə sərbəst çalışma formalarının genişləndiyi vurğulanır. Bu fəaliyyətlə məşğul olan şəxslərin sosial və əmək hüquqlarının, habelə sosial sığorta sistemində iştirakının təmin edilməsi üçün uyğun mexanizmlərin yaradılmasının zəruriliyi qeyd olunur.
2027-ci ildə məşğulluq siyasətinin əsas istiqamətləri sırasında gələcək bacarıqlar və yaşıl peşələr üzrə yeni hazırlıq proqramlarının yaradılması, peşəyönümü və karyera məsləhətlərinin rəqəmsallaşdırılması, “Peşələr üzrə elektron atlas”ın yenilənməsi, regionlarda, xüsusilə gənclər üçün onlayn və hibrid təlimlərin təşkili yer alır.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə köçürülən iqtisadi fəal əhalinin məşğulluğunun təmin edilməsi, həssas qrupların və qadınların aktiv məşğulluq tədbirləri ilə əhatəsinin artırılması, peşə və kvalifikasiya standartlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi, özünüməşğulluq proqramının təkmilləşdirilməsi planlaşdırılır.