Bakı. Trend:
Milli Məclisin deputatı Səyyad Aran parlamentdə büdcə müzakirələri zamanı çıxış üçün qeydiyyata düşməkdə çətinlik çəkdiyini bildirib. Spiker Sahibə Qafarova isə deputatın bu narazılığı ilə razılaşmayaraq, onun düyməni həmkarından bir neçə saniyə sonra basdığını deyib.
Trend-in müxbirinin xəbərinə görə, hadisə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Səyyad Aranın parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxışı əsnasında baş verib.
S.Aran büdcə müzakirələrindən istifadə edərək bəzi məsələləri diqqətə çatdırmaq istədiyini bildirib. O qeyd edib ki, deputatlar bu məsələləri parlamentdə səsləndirmədikdə seçicilər onlardan fəaliyyətləri barədə soruşurlar.
Deputat çıxış üçün qeydiyyata düşməkdə çətinlik çəkdiyini deyib: “Mən çıxış üçün on nəfərlik siyahıya düşə bilmirəm”.
S.Aran bildirib ki, həmkarı ilə eyni vaxtda əllərini qeydiyyat düyməsinin üzərinə qoyaraq sinxron şəkildə basıb və sonra əllərini çəkiblər. Lakin nəticədə Jalə xanım siyahıda ikinci, özü isə 44-cü yerdə olub.
“Jalə xanım ikinci oldu, mən 44-cü. Heç cür anlaya bilmirəm”, – deyə deputat narazılığını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə S.Aranın dedikləri ilə razılaşmayıb. O bildirib ki, Jalə xanım qeydiyyat düyməsini deputatdan bir neçə saniyə əvvəl basıb.
“Nəyə narazılığınız ola bilər ki? Elə danışırsınız ki, sanki burada kimsə sizə qəsdən söz vermir”, – deyə spiker bildirib.
S.Qafarova deputatdan hər dəfə büdcə müzakirələrini bu formaya salmamağı xahiş edib. O vurğulayıb ki, deputatlar çıxış edir, təkliflərini səsləndirir və mövcud problemlərdən danışırlar.