Bakı.Trend
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (CECECO) və Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
CECECO-nun məlumatına görə, sənəd Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində imzalanıb.
Memorandumu CECECO-nun icraçı direktoru Aysel Yaqubova və TÜREB-in Müşahidə Şurasının üzvü Volkan Yiğit imzalayıblar.
Saziş bərpa olunan enerji texnologiyalarının, xüsusilə quruda və dənizdə külək enerjisi istehsalının inkişafına dəstək göstərilməsini, həmçinin regionda enerji keçidini sürətləndirmək məqsədilə institusional əlaqələrin gücləndirilməsini, bilik və təcrübə mübadiləsini nəzərdə tutur.
Tərəflər təmiz enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığı genişləndirmək, qabaqcıl texnologiyaların tətbiqinə, eləcə də peşəkar bilik və bacarıqların mübadiləsinə dəstək göstərmək niyyətindədirlər.
CECECO İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə təmiz enerji sahəsində təşəbbüslərin təşviqini qarşısına məqsəd qoyan hökumətlərarası regional təşkilatdır.
Baş ofisi Bakıda yerləşən Mərkəz Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) üzvüdür.
Təşkilatın missiyası bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya layihələrinin həyata keçirilməsinə kömək etmək, maliyyə və texniki resursları cəlb etmək, həmçinin əməkdaşlıq və potensialın gücləndirilməsi vasitəsilə iqlim təşəbbüslərini təşviq etməkdir.