Bakı. Trend:
İran həmişə beynəlxalq hüquq, BMT Nizamnaməsi və anlaşılmazlıqların diplomatik yolla və dinc şəkildə həll olunmasının tərəfdarı olub.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bazar ertəsi (16 noyabr) İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 30-cu iclasında deyib.
“İran ötən 2 il ərzində diplomatik çərçivəni və dinc həll yollarını qorumağa çalışıb. Lakin ABŞ tamamilə fərqli yolu seçib. Bu yol hücum, hədə, iqtisadi təzyiq və blokada yolu olub və beynəlxalq hüquq və BMT Nizamnaməsinin açıq-aşkar pozulması hesab olunur”, -deyə o qeyd edib.
Əraqçi bildirib ki, İran həmişə qonşu ölkələrlə dostluq və konstruktiv münasibətlərin qurulmasının tərəfdarı olub və region ölkələri ilə əsaslı heç bir problemi yoxdur. Bununla belə yetərincə aydın şəkildə bir prinsipi bəyan edir: region ölkələrinin ərazisi, hava zolağı və obyektləri başqa ölkələrə qarşı hücumları həyata keçirmək üçün struktura çevrilməməlidir. İranın müdafiə xarakterli addımları qanuni hesab olunur və sırf İrana hücum edən ölkələrin hərbi bazalarının və hədəflərinin vurulması üçündür. Heç bir vəchlə region ölkələri və xalqlarına qarşı addım hesab olunmamalıdır.
Əraqçi deyib ki, bu şərait region ölkələrin təhlükəsizlik tədbirləri haqda real, əhatəli dialoqunun formalaşması üçün təcili zərurətin yarandığını əks etdirir. Təcavüz etməmək prinsipi və hər hansı üçüncü ölkənin bir ölkənin ərazisi və yaxud obyektlərindən başqa bir ölkəyə hücum etməsinin qarşısının alınması üçün dialoqun aparılması zəruridir.
“İran vətəndaşlarını öz əsaslı hüquqlarından məhrum etmək, iqtisadi təzyiqləri sərtləşdirmək məqsədilə tətbiq olunan sanksiyaların davam etməsi qeyri-qanuni tələblər qarşısında öz qanuni mənafeyini və hüququnu müdafiə etmək iradəsini möhkəmləndirib. İran çətin şəraitdə İran vətəndaşları ilə həmrəyliyini nümayiş etdirən üzv ölkələrə səmimi şəkildə təşəkkür edir”, - deyə o qeyd edib.
Əlavə edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvü var: Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan