Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, qlobal neft tələbatı 2026-cı ildə gündəlik 2,7 milyon barel azalaraq 102,3 milyon barelə düşəcək. 2027-ci ildə isə tələbatın gündəlik 2 milyon barel artacağı gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) noyabr hesabatında bildirilib.
Qeyd edilib ki, neft bazarında təklifin bərpası, Yaxın Şərqdən ixracın artması və istehlakın zəifləməsi fonunda qlobal bazarın 2026-cı ilin son rübündə profisitə keçəcəyi proqnozlaşdırılır.
Hesabata əsasən, 2026-cı ilin dördüncü rübündə qlobal neft tələbatının illik ifadədə azalması gündəlik 2,7 milyon barelə qədər zəifləyəcək. Halbuki ikinci və üçüncü rüblərdə azalma orta hesabla gündəlik 4,4 milyon barel təşkil edib.
Agentlik 2027-ci ildə tələbat artımının əsasən maye qaz (LPG), etan və nafta istehlakının yüksəlməsi hesabına təmin olunacağını gözləyir. Təchizat zəncirlərinin normallaşması nəticəsində bu məhsullar gələn il qlobal neft tələbatındakı artımın təxminən 80 faizini formalaşdıracaq. Yüksək yanacaq qiymətləri, avtomobillərin elektrikləşdirilməsi və nəqliyyat vasitələrinin yanacaq səmərəliliyinin yüksəlməsi isə nəqliyyat sektorunda neft istehlakının artımını məhdudlaşdıracaq.
Neft təklifi bərpa olunur, bazarda profisit gözlənilir
Qlobal neft təklifi sentyabrda gündəlik 3 milyon barel artdıqdan sonra oktyabrda daha 2,3 milyon barel yüksələrək 105,4 milyon barelə çatıb. Bu artım əsasən enerji infrastrukturu və tankerlərə hücumların davam etməsinə baxmayaraq, Körfəz ölkələrindən ixracın yüksək səviyyədə qalması ilə əlaqədardır.
BEA-nın qiymətləndirməsinə görə, avqustdan oktyabradək qlobal neft hasilatı gündəlik ümumilikdə 5,3 milyon barel artıb. Bunun nəticəsində hasilatın illik azalması gündəlik 2,9 milyon barelə qədər zəifləyib. Halbuki mart-sentyabr dövründə orta azalma gündəlik 8 milyon barel təşkil edib.
Oktyabrda Omanın ixracı nəzərə alınmadan Körfəz ölkələrinin neft ixracı gündəlik 18,4 milyon barel olub. Bu, müharibədən əvvəlki səviyyədən 26 faiz aşağıdır. Xam neft ixracı isə gündəlik 15 milyon barelə çataraq müharibədən əvvəlki göstəricinin 82 faizini təşkil edib.
İxrac axınlarının bərpası nəticəsində agentlik 2026-cı ilin dördüncü rübü üçün qlobal neft təklifi proqnozunu gündəlik 3,3 milyon barel artırıb. Bununla belə, bütün il üzrə neft təklifinin gündəlik orta hesabla 4,8 milyon barel azalacağı gözlənilir.
2027-ci ildə isə qlobal neft təklifinin gündəlik 6,6 milyon barel artaraq orta hesabla 108,1 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu artımın 5,3 milyon barelinin Körfəz ölkələrinin, daha 1,1 milyon barelinin isə ABŞ, Kanada, Braziliya, Argentina və Qayananın hasilatının payına düşəcəyi gözlənilir.
BEA-nın noyabr hesabatında vurğulanır ki, qlobal neft bazarı 2026-cı ilin dördüncü rübündə yenidən təklif profisitinə keçəcək, 2027-ci ildə isə ehtiyatların daha əhəmiyyətli həcmdə artımı müşahidə olunacaq. Bununla belə, gəmiçilik marşrutlarına hücumlar və dəniz təhlükəsizliyinə dair risklər təklifin bərpasını ləngidə bilər.
Neft emalı və yanacaq ehtiyatlarında vəziyyət
Qlobal neft emalı zavodlarında emal həcmi oktyabrda əvvəlki ayla müqayisədə gündəlik 1,3 milyon barel azalaraq 81,3 milyon barelə düşüb. Bu, mövsümi minimum göstəricidir. BEA dekabrda emal həcminin gündəlik 84,7 milyon barelə yüksələcəyini gözləyir.
2027-ci ildə qlobal neft emalı həcminin gündəlik 2,5 milyon barel artaraq 84,3 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ildə illik orta hesabla gündəlik 2,2 milyon barel azalma gözləntisindən sonra baş verəcək.
Hesabatda bildirilir ki, oktyabrda daşınma xərclərinin rekord səviyyəyə yüksəlməsi Asiya neft emalı zavodlarının mənfəət marjalarına təzyiq göstərib. ABŞ-da emal müəssisələri nisbətən ucuz xam neftdən faydalansa da, benzinin qiymətinin aşağı düşməsi onların mənfəətini məhdudlaşdırıb.
Qlobal müşahidə olunan neft ehtiyatları oktyabrda 52 milyon barel və ya gündəlik 1,7 milyon barel artıb. Bu, iyun ayından bəri ilk artım olub. Dənizdə daşınmaqda olan neft ehtiyatları 86 milyon barel yüksələrək yanvardan bəri ən yüksək səviyyəyə çatıb. Buna Körfəz ölkələrindən xam neft ixracının artması səbəb olub.
Bununla belə, qurudakı neft ehtiyatları azalmağa davam edib və ən azı 2016-cı ildən bəri ən aşağı səviyyədə qalıb. İƏİT ölkələrinin ümumi neft ehtiyatları 47 milyon barel, sənaye ehtiyatları isə 41 milyon barel azalıb. Müharibənin başlanmasından bəri qlobal müşahidə olunan neft ehtiyatlarının ümumi azalması 462 milyon barelə çatıb.
Neft qiymətləri ucuzlaşıb, dizel bazarında risklər qalır
Neft ixracının bərpası bazardakı təzyiqi müəyyən qədər azaldıb. Şimal dənizi Dated markalı xam neftin qiyməti oktyabrın əvvəlində bir barel üçün 136 dollara yüksəldikdən sonra 32 faiz azalaraq hesabatın hazırlandığı vaxt 93 dollar ətrafında qərarlaşıb. Buna baxmayaraq, qiymət müharibədən əvvəlki səviyyədən 22 dollar yüksək olaraq qalıb.
Avropada dizelin qiyməti də eyni dövrdə 11 faiz azalıb. Lakin bir barel üçün təxminən 180 dollar səviyyəsində qalaraq müharibədən əvvəlki göstəricini 77 faiz üstələyib.
Yaxın Şərqdən Asiyaya xam neft daşınması üzrə fraxt tarifləri rekord səviyyələrə yaxın qalıb. Aframax və Suezmax tipli tankerlərin daşınma xərclərində isə azalma müşahidə olunub.
BEA-nın hesabatına görə, hazırda bazar və istehlakçılar üçün əsas narahatlıq məhsul təchizatındakı ciddi məhdudiyyətlər, xüsusilə dizel təklifinin kifayət qədər bərpa olunmamasıdır. Rusiya enerji infrastrukturuna davam edən hücumlar ölkənin beynəlxalq bazarlara dizel tədarükünü məhdudlaşdırır. Bu vəziyyət Yaxın Şərqdəki itkilərlə birlikdə qlobal təchizat üzərində əlavə təzyiq yaradır.
Digər tərəfdən, ABŞ başda olmaqla Atlantik hövzəsindəki neft emalı zavodları yüksək mənfəət marjalarından yararlanmaq üçün istehsalı yüksək səviyyədə saxlayır. Asiyada xam neft təchizatının yaxşılaşması və Çinin neft məhsulları ixracı üçün yeni kvotalar ayırması da regionda emal həcminin artmasına şərait yarada bilər.
Agentlik yaxın aylarda təcili dizel ehtiyatlarının daha sürətli bazara buraxılmasının qlobal neft emalı sistemi və yanacaq istehsalı tam bərpa olunana qədər təchizat çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayacağını qeyd edir.