Bakı. Trend:
Green Energy Corridor (GECO) şirkəti və Belçikanın Jan De Nul Group şirkəti “Yaşıl Enerji Dəhlizi” (Green Energy Corridor) layihəsinin sualtı hissəsi üzrə əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumu (MoU) imzalayıblar.
GECO-nun məlumatında bildirilir ki, şirkətin baş direktoru Yusif Qayıbov Jan De Nul Group şirkətinin baş ofisini ziyarət edib. Burada sənədin imzalanma mərasimi şirkətin sahibi Yan Peter De Nulun iştirakı ilə keçirilib.
Memorandum tərəflərin layihənin sualtı hissəsi üzrə əməkdaşlığının çərçivəsini müəyyən edir. Layihə Xəzər regionu və Gürcüstanda bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur.
GECO-da qeyd edilib ki, Jan De Nul Group şirkətinin uzun məsafəli sualtı kabel çəkilişi layihələrinin həyata keçirilməsi sahəsində təcrübəsindən layihə üzrə gələcək işlərdə istifadə olunacaq.
Səfər çərçivəsində Yusif Qayıbov şirkətin kabeldöşəyən gəmilərindən biri – “Isaac Newton” ilə də tanış olub. Gəmi bir reys ərzində 10 700 tona qədər kabel daşımaq və döşəmək imkanına malikdir.
Məlumatda qeyd olunduğu kimi, gəmidən Niderland, Yunanıstan, Almaniya və İslandiyada bərpa olunan elektrik enerjisinin ötürülməsi ilə bağlı kabel çəkilişi layihələrinin həyata keçirilməsində istifadə olunub.
GECO Azərbaycan və Gürcüstanın bərpa olunan enerji sahəsindəki potensialını Avropa bazarları ilə birləşdirmək məqsədilə Jan De Nul Group ilə gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Layihənin əsası Avropa Komissiyasının iştirakı ilə 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində qoyulub.
Ümumi gücü 3,9 giqavat (QVt) olan dəhlizin yaradılması nəzərdə tutulur. Dəhliz hər birinin gücü 1,3 QVt olan üç xətdən ibarət olacaq.
Layihənin hazırlanmasını dörd ölkənin milli elektrik şəbəkəsi operatorunun birgə təsis etdiyi və Buxarestdə qeydiyyatdan keçmiş Green Energy Corridor Power Company (GECO) şirkəti həyata keçirir
Şirkətin hər bir səhmdarının 25 faiz payı var. Bunlar Azərbaycanın “AzərEnerji”, Gürcüstanın Georgian State Electrosystem, Rumıniyanın Transelectrica və Macarıstanın MVM şirkətləridir.
Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorlarının Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Şəbəkənin İnkişafına dair Onillik Planına (TYNDP) 1248 və 1244 nömrələri ilə daxil edilib.
Layihəyə ümumi investisiyaların 22 milyard avro təşkil edəcəyi qiymətləndirilir. Bu məbləğin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminə, 7,8 milyard avrosu isə bərpa olunan enerji mənbələri əsasında generasiya güclərinin yaradılmasına yönəldiləcək.
Layihənin 2040-cı ilədək tam ötürmə gücünə çatacağı gözlənilir.
Layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri 2026-cı il oktyabrın 22-də Bakıda təqdim olunub.