Bakı.Trend:
Ermənistan parlamenti ikinci və yekun oxunuşda “Səhmdar cəmiyyətləri haqqında” qanuna TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) layihəsinin həyata keçirilməsi üçün zəruri olan qanunvericilik dəyişiklikləri paketini qəbul edib.
Parlament iclası qurumun rəsmi "YouTube" kanalında canlı yayımlanıb.
Qəbul edilən dəyişikliklərə əsasən, beynəlxalq müqavilələr çərçivəsində yaradılmış və Ermənistanın ən azı 25 faizlik paya malik olduğu səhmdar cəmiyyətləri üçün xüsusi korporativ idarəetmə rejimi müəyyən edilir. Dövlətin iştirak payı bu həddən aşağı düşdükdə isə həmin xüsusi rejim ləğv olunur.
Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts daha əvvəl bildirib ki, bu dəyişikliklər TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruridir.
Qanunvericilik dəyişiklikləri paketinin lehinə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından 62 deputat səs verib. Qərarın qəbulu üçün 31 səs tələb olunurdu. Müxalifət dinləmələrdə iştirak etməyib.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.