Bakı. Trend:
Mədəniyyət sektorunun maliyyələşdirilməsində özəl sektorun payının artırılması, vergi alətlərinin daha uğurlu tətbiqi, eləcə də dini təhsil və maarifləndirməyə ayrılan vəsaitin artırılması məsələləri nəzərdən keçirilməlidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, mədəniyyət sahəsinə ayrılan xərclərin artırılması gündəmdə olmalıdır, lakin bu, yalnız dövlət büdcəsi hesabına həyata keçirilməməlidir.
“Qabaqcıl ölkələrin təcrübəsinə baxırıq. Orada mədəniyyət sektoruna ayrılan vəsaitlərin 30-40 faizi, bəzən daha artıq hissəsi özəl sektorun hesabına formalaşır. Bu istiqamətdə vergi alətlərinin daha uğurlu tətbiqinə ehtiyac var və bu, nəzərə alınmalıdır”, – deyə o qeyd edib.
S.Alıyev vurğulayıb ki, 2040-cı il Mədəniyyət Konsepsiyasının icrası çərçivəsində bu sahədə proqramlaşdırma daha yüksək səviyyədə qurulmalıdır.
Onun sözlərinə görə, vəsaitlərin ayrılması zamanı ilk növbədə məqsədyönlü və nəticəyönlü yanaşma diqqət mərkəzində saxlanılmalıdır ki, ayrılan maliyyə resurslarından daha səmərəli istifadə olunsun və qarşıya qoyulan məqsədlərə nail olunsun.
Deputat dini qurumlarla bağlı məsələlərə də toxunaraq bildirib ki, Azərbaycanda din-dövlət və din-vətəndaş münasibətləri ilə yanaşı, din-soydaş münasibətləri də nəzərə alınmalıdır.
“Azərbaycan sərhədlərindən kənarda ölkəmizdə yaşayan soydaşlarımızdan ən azı beş dəfə çox azərbaycanlı yaşayır. Onların bir çoxunun necə parçalanmağa çalışıldığını, məsələn, qonşu Gürcüstanda görürük”, – deyə S.Alıyev bildirib.
O hesab edir ki, bu reallıq nəzərə alınaraq dini təhsilə və dini maarifləndirməyə daha çox vəsait ayrılması məsələsi üzərində düşünülməlidir.