Dublin. Trend:
2028-ci ildə Azərbaycanda "Avropa Siyasi Birliyi"nin (ASB) sammitinin keçirilməsi Avropa İttifaqının bütün Cənubi Qafqazla qarşılıqlı əlaqələrinin intensivləşdirilməsi üçün imkanlar yaradır.
Bunu Slovakiyanın xarici işlər və avropa məsələləri naziri Yuray Blanar "Avropa Siyasi Birliyi"nin Dublində keçiriləcək zirvə toplantısı ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanda keçiriləcək qarşıdakı sammit "Avropa Siyasi Birliyi"nin geniş Avropa ölkələri dairəsi arasında açıq dialoq və praktiki əməkdaşlıq platforması kimi rolunu təsdiqləməlidir.
O hesab edir ki, bu, fikir ayrılıqlarının aradan qaldırılmasına, etimadın möhkəmləndirilməsinə, eləcə də Avropanın ümumi geosiyasi, iqtisadi və təhlükəsizlik çağırışlarına birgə cavablar hazırlamaq imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
"Strateji baxımdan sammitin Azərbaycanda keçirilməsi bütün Cənubi Qafqazla qarşılıqlı əlaqələrimizi intensivləşdirmək üçün imkanlar yaradır və regionda davamlı sülhün bərqərar olması, münaqişədən sonrakı normallaşma istiqamətində irəliləyişə dair inandırıcı siqnaldır. Bundan əlavə, Azərbaycan nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahələrində əməkdaşlığın inkişafı baxımından əsas tərəfdaşdır. Avropa ilə Mərkəzi Asiya arasında əlaqələndirici həlqə rolunu da oynayan Cənubi Qafqaz fosil enerji resurslarının tədarükünün şaxələndirilməsi kontekstində Avropanın enerji təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir", – deyə Blanar qeyd edib.
Dublində keçirilən ASB sammitindən danışan nazir Slovakiyanın geniş Avropa regionuna daxil olan ölkələrə qarşılıqlı etimad şəraitində diplomatik dialoq aparmaq imkanı verən bu platformanı alqışladığını vurğulayıb.
"Hökumətimizin proqramına və Slovakiyanın xarici siyasətinin strateji prioritetlərinə uyğun olaraq, beynəlxalq platformalarda dialoqun inkişafına və qaydalara əsaslanan beynəlxalq nizamın təməlində dayanan institutların müdafiəsinə sadiqliyimizi qoruyuruq. Əsas mesajımız beynəlxalq hüquqa, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və bütün dövlətlərin suverenliyinə hörmət əsasında ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərin intensivləşdirilməsinin zəruriliyindən ibarətdir", – deyə o bildirib.
Blanarın sözlərinə görə, Slovakiya, həmçinin ASB iştirakçıları arasında, xüsusilə enerji sektorunda iqtisadi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.
"Enerji təchizatı mənbələrinin şaxələndirilməsi şəraitində hesab edirik ki, ASB iştirakçıları ölkə daxilində, ilk növbədə atom enerjisi və bərpaolunan enerji mənbələri hesabına təmiz enerji istehsalı sahəsində əməkdaşlığı inkişaf etdirməli, həmçinin enerji sistemləri arasında qarşılıqlı bağlantıları gücləndirməli və keçid dövründə zəruri olan digər enerji mənbələri, o cümlədən fosil yanacaqlar üçün infrastrukturu inkişaf etdirməlidirlər", – deyə nazir əlavə edib.
Avropanın kollektiv təhlükəsizliyinin gücləndirilməsi
Blanarın fikrincə, mövcud mürəkkəb geosiyasi şəraitdə Avropanın kollektiv təhlükəsizliyinin və böhranlara reaksiya imkanlarının gücləndirilməsi praqmatik, fəal və balanslaşdırılmış yanaşmanın olmasını tələb edir.
"Avropanın təhlükəsizliyi təmin etmək üçün hazırlıq səviyyəsini artırmağın ən yaxşı yolu əməliyyat imkanlarını genişləndirmək, müdafiə sahəsinə məqsədyönlü investisiyaları artırmaq və rəqabətə davamlı sənaye bazasını dəstəkləməkdir. Habelə ayrı-ayrı üzv dövlətlərin təhlükəsizlik siyasətinin xüsusiyyətləri, konstitusion çərçivələri və milli səlahiyyətləri tam nəzərə alınmalıdır", – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Slovakiya üçün Avropanın təhlükəsizlik arxitekturasının dayanıqlılığı NATO ilə sıx qarşılıqlı tamamlanmadan, kritik əhəmiyyətli infrastrukturun effektiv müdafiəsindən və daimi diplomatik dialoq kanallarının qorunub saxlanılmasından asılıdır.
"Biz əminik ki, güclü əməliyyat imkanlarının açıq diplomatik qarşılıqlı əlaqələrlə uzlaşdırılması Avropaya sabitliyini qorumağa və daha yaxşı proqnozlaşdırılıan beynəlxalq nizamın formalaşmasına töhfə verməyə imkan verəcək", – deyə Blanar bildirib.
Hörmüz boğazı ətrafındakı təhlükəsizlik vəziyyəti
Hörmüz boğazı ətrafındakı təhlükəsizlik vəziyyətini şərh edərkən nazir bildirib ki, Slovakiyanın mövqeyinə görə, Avropa ölkələri bu çağırışa beynəlxalq hüquqa riayət, fəal diplomatiya və dənizdə müdafiə sahəsində əlaqələndirmənin gücləndirilməsi olmaqla üç istiqaməti əhatə edən balanslaşdırılmış strategiya ilə cavab verməlidirlər.
"İlk növbədə, Avropa hazırda 60-dan çox ölkənin qoşulduğu "No Tolls, No Fees" ("Heç bir rüsum və ödəniş yoxdur") kimi təşəbbüsləri qətiyyətlə dəstəkləyir. BMT-nin Dəniz hüququ üzrə Konvensiyasına (UNCLOS) uyğun olaraq, qanunsuz nəzarət, tranzit rüsumları, ayrı-seçkilik xarakterli məhdudiyyətlər və ya strateji su yollarından siyasi təzyiq vasitəsi kimi istifadə cəhdləri olmadan azad gəmiçiliyin təmin edilməsi prinsipial əhəmiyyət daşıyır", – deyə o aydınlaşdırıb.
Nazirin sözlərinə görə, ikinci istiqamət regional və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqə şəraitində həyata keçirilən və gərginliyin azaldılmasına yönəlmiş diplomatiya olmalıdır.
"Üçüncüsü, hesab edirik ki, Avropanın dənizdə müdafiə təşəbbüsləri kommersiya gəmiçiliyi sektorunda etimadın gücləndirilməsində və həyati əhəmiyyətli enerji axınlarının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamalıdır. Bununla belə, regionda gərginliyin daha da artmasına səbəb olmamalı və beynəlxalq hüququn çərçivəsində ciddi şəkildə fəaliyyət göstərməlidir", – deyə Blanar əlavə edib.
O, həmçinin qeyd edib ki, qabaqlayıcı diplomatiya və münaqişələrin sülh yolu ilə həlli Avropanın təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynasa da, Avropa ölkələri həm ənənəvi, həm də hibrid təhdidlərdən, o cümlədən kiberhücumlardan və kritik əhəmiyyətli infrastruktura hücumlardan müdafiə sahəsində daha böyük məsuliyyət daşımağa hazır olmalıdırlar.
"Avropa Şurasının son nəticələri təhlükəsizliyin bütün istiqamətlərini əhatə edən kompleks yanaşma əsasında Avropanın müdafiə-sənaye potensialının gücləndirilməsinin vacibliyini vurğulayır. Eyni zamanda, bu sahədə bütün təşəbbüslərin ayrı-ayrı üzv dövlətlərin təhlükəsizlik və müdafiə siyasətinin xüsusiyyətlərini nəzərə alması təmin edilməlidir", – deyə Slovakiyanın xarici işlər naziri fikrini yekunlaşdırıb.