Bakı. Trend:
Dövlət kənd təsərrüfatı istehsalından kəndlilərin istehsal etdiyi malları alıb və özü onun ixracını təşkil etsin və beləliklə kənd təsərrüfatı üçün də bu böyük stimula ola bilər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf edir, dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir və subsidiyalar ayrılır. Bununla belə, fermerlərin istehsal etdikləri məhsulları sata bilməməsi ciddi problem olaraq qalır.
H.Babaoğlu qeyd edib ki, məhsulunu bazara çıxarıb sata bilməyən kəndli tədricən torpaqdan və kənd təsərrüfatı istehsalından uzaqlaşır. O, bu problemin həlli üçün dövlətin kəndlilərin istehsal etdiyi məhsulların bir hissəsini satın alaraq onların ixracını təşkil etməsini təklif edib.
Deputatın fikrincə, belə bir mexanizm kənd təsərrüfatı istehsalçıları üçün mühüm stimul yarada, onların məhsullarının satışına təminat verə və sahənin inkişafına əlavə dəstək ola bilər.
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan insanların sayının azaldılması üçün bu sahəyə ayrılan vəsaitin bir hissəsinin investisiya kimi yeni iş yerlərinin yaradılmasına yönəldilməsi məqsədəuyğun olardı.
Deputat bildirib ki, 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi gücünü, Böyük Qayıdış prosesini, müdafiə qabiliyyətinin artırılmasını, təhlükəsizliyin təmin olunmasını, eləcə də rəqəmsal və ideoloji təxribatlara qarşı mübarizənin müxtəlif istiqamətlərini əks etdirir.
O qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında müasir Azərbaycanın gələcək imkanlarını təsvir edərkən yeni dövlətin fəlsəfəsini güc anlayışı üzərində müəyyənləşdirib. Onun sözlərinə görə, 2027-ci il üçün hazırlanmış büdcə də bu yanaşmaya uyğun olaraq ölkənin maliyyə imkanlarını və qarşıya qoyulan strateji hədəfləri özündə birləşdirir.
H.Babaoğlu bildirib ki, müdafiə qabiliyyətinin artırılmasına 8,8 milyard manatdan çox vəsait ayrılması büdcənin mühüm istiqamətlərindən biridir. Sosial sahəyə 4,9 milyard manatdan çox, təhsilə 5 milyard manat, səhiyyəyə isə 2 milyard manat vəsait nəzərdə tutulub.
Deputatın sözlərinə görə, büdcə göstəricilərinin təhlili bir sıra iqtisadi nəticələr barədə əvvəlcədən fikir yürütməyə imkan verir. O, xüsusilə 2027-ci ildə manatın məzənnəsinin sabit qalacağı ilə bağlı proqnozu müsbət qiymətləndirib.
“Manatın dollara nisbətdə məzənnəsinin dəyişməyəcəyi həm yatırım, həm də inkişaf imkanları deməkdir”, – deyə deputat vurğulayıb.
O bildirib ki, bu amil ölkədə iqtisadi sabitliyin və inkişaf üçün əlverişli şəraitin təmin olunmasının əsas göstəricilərindəndir. H.Babaoğlu əlavə edib ki, 2027-ci ildə ümumi daxili məhsulun artımının 2,9 faiz olacağı proqnozlaşdırılır. Onun fikrincə, neftin bir barelinin qiymətinin 65 dollar səviyyəsində götürülməsi də məqsədəuyğundur. Çünki qarşıdakı dövrdə müxtəlif hadisələrin baş verməsi ehtimalı nəzərə alınaraq, bu proqnoz ölkənin iqtisadi baxımdan əvvəlcədən sığortalanmasına imkan yaradır.
Deputat elm və təhsil sahəsinə ayrılan vəsaitin həcminə də diqqət çəkib. O bildirib ki, bu istiqamətə büdcə xərclərinin 3,8 faizi yönəldilir və ötən illə müqayisədə təxminən 9 faiz artım nəzərdə tutulur.
H.Babaoğlu qeyd edib ki, Azərbaycanda əhali artımı 2 faiz, təhsilə cəlb olunan uşaqların, tələbələrin və məktəblərin sayındakı artım isə təxminən eyni səviyyədədir. Belə olduğu halda, elm və təhsil xərclərinin 9 faiz artırılmasının əldə olunan nəticələrin keyfiyyətinə necə təsir göstərdiyi araşdırılmalıdır.
“Əgər nəticə əldə etmiriksə, onda bu 9 faiz niyə ayrılır? Nə üçün ayrılır? Əsas məsələ bu vəsaitin hansı keyfiyyət nəticələrinə gətirib çıxarmasıdır”, – deyə o bildirib.
Deputat sosial müdafiə xərclərinin 4,9 milyard manatdan çox olmasını da şərh edib. O xatırladıb ki, Azərbaycan Konstitusiyasında sosial dövlət kimi müəyyənləşdirilib. Bununla belə, onun fikrincə, sosial dövlət olmaq hər il sosial müdafiəyə ehtiyacı olan insanların sayının və bu məqsədlə büdcədən ayrılan vəsaitin artırılması demək deyil.
H.Babaoğlu hesab edir ki, Azərbaycanın mövcud iqtisadi imkanları sosial müdafiə xərclərinin müəyyən hissəsinin iş yerlərinin yaradılmasına yönəldilməsinə şərait yaradır. O təklif edib ki, müvafiq fondlardan iki və ya üç illik sosial müdafiə xərclərinin həcminə uyğun məbləğ investisiya kimi istifadə olunsun və yeni iş yerlərinin açılmasına yönəldilsin.
Deputatın qənaətinə görə, bu yanaşma nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanların sayı tədricən azalacaq, beləliklə, həmin istiqamətə ayrılan vəsaitə tələbat da aşağı düşəcək.
“İş yerlərinin yaradılmasına investisiya qoymaqla sosial müdafiəyə ehtiyacı olan kontingentin sayını azaltmaq mümkündür. Bu barədə düşünmək məqsədəuyğun olardı”, – deyə o əlavə edib.
H.Babaoğlu səhiyyəyə 2 milyard manatdan çox vəsait ayrılmasını da müsbət qiymətləndirib. O bildirib ki, bu, Prezidentin çağırışlarına uyğundur, çünki ölkənin təhlükəsizliyinin əsasını təşkil edən gənc nəslin sağlam böyüməsi vacibdir.
Deputat səhiyyə sistemində son dövrlərdə aparılan islahatların davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, hazırda yeni təyin olunmuş səhiyyə nazirinin TƏBİB-ə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları xatırladaraq, həmin prosesdə nümayiş etdirilən qətiyyət və cəsarəti yüksək qiymətləndirib.
Onun fikrincə, səhiyyə sistemində də bu cür islahatlara ehtiyac var və onların davam etdirilməsi nəticəsində əldə olunan dəyişikliklər yaxın mərhələdə daha aydın görünəcək.
Deputat mədəniyyət sahəsinə 643 milyon manat, media və televiziya sahəsinə isə 68 milyon manat vəsait ayrılmasına toxunub. O bildirib ki, Prezidentin diqqət çəkdiyi məsələlərdən biri ideoloji təxribatların fiziki təxribatlar və fiziki təhlükəsizlik qədər ciddi təhlükə yaratmasıdır.
H.Babaoğlunun sözlərinə görə, hər bir xalqın ideoloji təhlükəsizliyinin əsasını onun ümumi immuniteti, mədəniyyəti və tarixi, müasir dövrdə isə informasiya mübarizəsindəki mövqeyi təşkil edir.
Deputat ötən illə müqayisədə bu istiqamətlərə ayrılan vəsaitin azalmasını, xüsusilə mediaya cəmi 14 milyon manatdan bir qədər çox vəsait nəzərdə tutulmasını narahatlıq doğuran məqam kimi qiymətləndirib. Onun fikrincə, maliyyələşmənin bu səviyyədə olması ölkənin ideoloji təxribatlara qarşı immunitetini və mübarizə qabiliyyətini zəiflədə bilər.
O bildirib ki, gələcəkdə büdcə planlaşdırılarkən bu məsələlərə də diqqət yetirilməsi məqsədəuyğundur. Deputat qeyd edib ki, informasiya mübarizəsinin nəticələrini birbaşa görmək və ölçmək çətin olsa da, bu mübarizə media, televiziya, film sənayesi, teatr, ədəbiyyat və mədəniyyətin digər sahələri vasitəsilə aparılır.
H.Babaoğlu vurğulayıb ki, həmin sahələrin inkişafı cəmiyyətdə milli dəyərləri qorumaq, ideoloji təxribatlara qarşı müqavimət formalaşdırmaq baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu prosesin nəticələri dərhal görünməsə də, müəyyən mərhələdən sonra ideoloji təsirlərə qarşı dayanıqlı cəmiyyətin formalaşmasına şərait yaradır.