Bakı. Trend:
İran qarşılıqlı addım çərçivəsində Argentinanın Hərbi Dəniz Qoşunları və Hərbi Hava Qoşunlarını terror təşkilatı adlandırır.
Bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
“ABŞ tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı adlandırılmasına dair qərarını dəstəkləyən bütün ölkələrə qarşı addım tətbiq olunur. Buna əsasən İran Argentinanın Hərbi Dəniz Qoşunları və Hərbi Hava Qoşunlarına qarşı sözügedən qanunu tətbiq edir və onları terror təşkilatı adlandırır”, -deyə bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, Argentina hökuməti beynəlxalq hüquq normalarının prinsiplərinin əksinə olaraq İranın rəsmi silahlı qüvvələrinin bir hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror qrupu olaraq elan edib.
Bəyanatda qeyd olunur ki, İran hökuməti də qarşılıqlı addım prinsipi çərçivəsində və ABŞ tərəfindən SEPAH-ın terror qruplaşması adlandırılması qarşısında qarşılıqlı addım qanuna istinadla qərar verib.
İran XİN bu məsələdən irəli gələn bütün mənfi nəticələrdə Argentina hökumətinin məsuliyyət daşıdığını qeyd edib.
Qeyd edək ki, 1 noyabrda da İran XİN Böyük britaniyanın Xarici Kəşfiyyat Xidmətini (MI6) “düşmən qrupu” və Böyük Britaniya Krallığının Hərbi Dəniz Donanması (Navy Royal) və Krallığın Hərbi Hava Qüvvələrini (Force Air Royal) terror təşkilatları olaraq tanıdığını elan edib.