Bakı. Trend:
Fransa hökuməti yaşayış xərclərinin bahalaşmasına qarşı keçirilən etirazlar fonunda minimum əməkhaqqının artırılması barədə qərar qəbul edib.
Bu barədə ölkənin Baş naziri Sebastyan Lekornyu məlumat verib.
Onun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə aparılan müzakirələrdən sonra tam iş günü çalışan şəxslər üçün minimum aylıq əməkhaqqının dekabrın 1-dən etibarən 1,6% artırılaraq 1 502 avroya (2 860 manat) çatdırılması razılaşdırılıb.
Lekornyu bu artımın son 20 ildə qeydə alınan ikinci ən yüksək göstərici olacağını vurğulayıb.
Bununla belə, Fransanın radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine nəzərdə tutulan artımı yetərli hesab etməyib. O, noyabrın 17-də yeni tətil aksiyasının keçirilməsinə çağıraraq əməkhaqlarının 10% artırılmasını tələb edib.
Biznes birlikləri isə hökumətin qərarına etiraz ediblər. Onların qənaətinə görə, minimum əməkhaqqının artırılması məşğulluq səviyyəsinə mənfi təsir göstərə bilər.