Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin əks-sədası” adlı konsert proqramı təşkil olunub.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən məlumat verilib.
Məlumata əsasən, dünyanın ən qabaqcıl konservatoriyalarından olan tarixi Kral Musiqi Kollecinin “Amaryllis Fleming” konsert zalında keçirilən tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyəti və Aqşin Kərimovun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə həmçinin Türkiyənin Britaniyadakı səfirliyinin yüksək vəzifəli diplomatları iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib.
Elin Süleymanov bildirib ki, tarixi Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və strateji baxışı mühüm rol oynayıb. O vurğulayıb ki, dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqı vahid məqsəd ətrafında birləşərək birlik və həmrəylik nümayiş etdirib. O, Vətən müharibəsi zamanı minlərlə gəncin həyatını itirdiyini xatırladaraq, bu Qələbənin arxasında böyük fədakarlıqların dayandığını qeyd edib.
Səfir qeyd edib ki, Azərbaycan vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar hazırda ölkənin tarixində xüsusi bir dövrü yaşayırlar. O, bu tarixi məqamın əhəmiyyətinin unudulmamasının, xalqın birlik və həmrəyliyinin qorunmasının, gələcəyə doğru birgə addımlamağın vacibliyini vurğulayıb.
Diplomat çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününə də toxunub. Azərbaycan bayrağının bu gün ucalarda dalğalanmasının böyük mübarizə və fədakarlıqlar hesabına mümkün olduğunu bildirən səfir, şəhidlərin xatirəsinin daim yaşadılmasının və üçrəngli bayrağımızın hər zaman uca tutulmasının əhəmiyyətini qeyd edib.
Daha sonra Britaniyadakı Türkiyə səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu çıxış edib. O, Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik edib. Ə.Hacıəfəndioğlu "Bir millət, iki dövlət" ifadəsinin iki ölkə arasında dərin bağları göstərdiyini söyləyərək Türkiyə və Azərbaycanın hər zaman yan-yana dayandığını və həmişə də belə davam edəcəyini əlavə edib. Regionda davamlı sülh, stabillik və rifahın önəmini vurğulayan Türkiyəli diplomat çıxışını "Can Azərbaycanın Zəfər bayramı kutlu olsun" sözləriylə bitirib.
Daha sonra tədbir bədii proqramla davam edib.
Tədbirdə Səadət Fərziyevanın rəhbərlik etdiyi “Qarabağ” məktəbinin və “Acapella” akademiyasının tələbələri müxtəlif musiqi əsərləri ifa ediblər. Həmçinin konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan istedadlı həmyerlimiz, müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev və Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov çıxış edərək Azərbaycan və dünya musiqilərindən nümunələr ifa ediblər.
Konsertde iştirak edən Britaniyadakı həmyerlilərimiz "Can Qarabağ", "Yaşa Azərbaycan", "Ey əziz Anam, Azərbaycan" və sairə mahnıları musiqiçilərlə birgə səsləndirərək Zəfər coşqusu yaşayıblar.

























