Bakı. Trend:
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Məlumata əsasən, 1 noyabr 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905.579, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62.779 təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248.695 olub.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib ki, iqtisadiyyatda “ağarma” prosesinin ən etibarlı ölçülərindən biri uçota düşən ödəyici və obyekt sayıdır.
"Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. Cari ildə də bu proses davam edib", - deyə o əlavə edib.
O xatırladıb ki, cari ilin 9 ayında vergilər üzrə proqnoz 107,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9% icra edilib, illik proqnozun 80,6%-i isə artıq təmin olunub: "Vergi daxilolmaları 9,4%, qeyri-neft-qaz vergiləri isə 12,6% artıb — bu, qeyri-neft-qaz ÜDM-in nominal artım tempini (7,6%) üstələyir. Qeyri-neft-qaz sektorundan daxilolmaların 75%-i özəl bölmənin payına düşür.
Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində qeyri-neft-qaz vergi daxilolmalarının payı isə 63%-i ötüb.
Məcburi dövlət sosial sığortası 8,5% artıb və bu tədiyə növü üzrə 5 milyard manat toplanıb, proqnoz 105,6% icra olunub. Əmək bazarının şəffaflaşması şəraitində sosial sığorta daxilolmalarının son illərdə davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının güclənməsinə əhəmiyyətli töhfə verir. Belə ki, DSMF gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 36%-dən cari ilin 9 ayında 20%-ə enib".