Bakı. Trend:
Balıqçılıq və akvakultura təsərrüfatlarında istifadə olunan bir sıra avadanlıqlara 2027-ci ilin yanvarından dövlət güzəştinin tətbiqi nəzərdə tutulur. Təklif olunan siyahı müzakirə edilib və təsdiqlənməsi gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Akvakulturanın yeni inkişaf mərhələsi: dövlət siyasəti, hüquqi və institusional çərçivə, habelə özəl sektorun rolu” adlı panelində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Elnur Musayev deyib.
O bildirib ki, mövcud güzəşt mexanizminə əsasən, fermer texnikanın alınması üçün ən azı 20 faiz ilkin ödəniş etməlidir. Texnikanın gömrük bəyannaməsi dəyərinin 40 faizi dövlət tərəfindən əvəzsiz güzəşt kimi qarşılanır, qalan hissə üçün isə fermerə faizsiz kreditdən yararlanmaq imkanı yaradılır. Kredit üzrə faizlərin ödənilməsini dövlət öz üzərinə götürür.
“Düşünürük ki, bu, sahənin inkişafı və sahibkarların müasir texnologiya və avadanlıqlardan istifadəsinin təşviqi üçün vacib alət olacaq. Siyahı müzakirə edilib və ciddi dəyişiklik olmadan təsdiqlənəcəyini gözləyirik”, – deyə E.Musayev qeyd edib.
Onun sözlərinə görə, siyahıya qapalı su dövriyyəsi sistemləri (RAS), hovuz aeratorları, oksigen generatorları, filtrasiya və dezinfeksiya avadanlıqları, su dövranı nasosları, isitmə və soyutma qurğuları daxil edilib.
Həmçinin qəfəs sistemləri, yemləmə avadanlıqları, kürü inkubatorları, canlı balıqların çeşidlənməsi avadanlıqları, hovuzların qurulmasında istifadə olunan geotekstil və membranlar, eləcə də plastik hovuzlar üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.
E.Musayev vurğulayıb ki, siyahı sahibkarların əsaslandırılmış təklifləri əsasında yenilənə bilər.
Agentliyin sədr müavini bildirib ki, bu yanaşma ənənəvi torpaq hovuzlarından intensiv, qapalı və suya qənaət edən texnologiyalara keçidi təşviq edir. RAS sistemləri geniş ərazi tələb etmədən suyun böyük hissəsindən təkrar istifadə etməyə və ilboyu istehsala imkan verir. İnkubator avadanlıqlarının dəstəklənməsi isə yerli balıq körpəsi istehsalının inkişafına və idxaldan asılılığın azalmasına xidmət edir.
E.Musayev məhsul subsidiyalarına da toxunaraq bildirib ki, yerli istehsal olunan qızılbalıqkimilər və nərəkimilərin hər tonuna görə 2000 manat, çəkikimilər və naxakimilərin hər tonuna görə isə 600 manat subsidiya veriləcək.
Onun sözlərinə görə, subsidiyadan yararlanmaq üçün təsərrüfat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməli və sistem üzərindən müraciət etməlidir. Ödənişlər müvafiq yoxlamalardan sonra həyata keçiriləcək.
“Dövlət imkanlar yaradır. İndi bu imkanları real istehsala, yeni iş yerlərinə və ixraca çevirmək üçün çalışmalıyıq”, – deyə E.Musayev əlavə edib.