Bakı.Trend:
Yeni bazarlarda iri həcmli daşınmaz əmlak layihələrinin həyata keçirilməsi developerlərdən hərtərəfli ilkin hazırlıq, yerli tələbatın, tikinti sektorunun xüsusiyyətlərinin və biznesin aparılması mexanizmlərinin öyrənilməsini tələb edir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində "PASHA Real Estate Group"un investisiyalar üzrə direktoru Levent Kırazoğlu bildirib.
“Layihənin ilkin ideyasının formalaşdırılmasından başlayaraq onun tamamlanmasına qədər bütün icra prosesi uzun müddət tələb edir. İri miqyaslı layihələr isə əlavə çətinliklər yaradır. Bu, xüsusilə şirkətin yeni ölkənin bazarına daxil olduğu hallarda aktualdır.
Layihənin bütün xüsusiyyətlərini və təfərrüatlarını müəyyənləşdirmək, memarlar üçün müvafiq tələbləri formalaşdırmaq və konsepsiyanın ilkin işlənməsinə kifayət qədər vaxt ayırmaq lazımdır. Layihə sənədlərində bazarın tələbatı nəzərə alınmazsa, bu, sonrakı mərhələlərdə əlavə vaxt itkisinə səbəb ola bilər”, - deyə o bildirib.
Tikinti prosesinin təşkili məsələsinə toxunan "PASHA Real Estate" nümayəndəsi qeyd edib ki, layihənin həyata keçirilməsi modelinin seçilməsi yerli bazarın imkanlarından, xüsusilə işlərin ayrı-ayrı paketlərinin icrasını həvalə etmək mümkün olan podratçı təşkilatların mövcudluğundan asılıdır.
Onun sözlərinə görə, "PASHA Real Estate"in fəaliyyətə başladığı ölkələrin əksəriyyətində şirkət tikintinin idarə edilməsini müstəqil şəkildə təşkil edir, yerli səviyyədə güclü ixtisaslaşmış komanda formalaşdırır və işləri ayrı-ayrı paketlər üzrə bölüşdürür.
“Yeni mühitdə fəaliyyətə uyğunlaşmaq üçün vaxt lazımdır. Əgər layihəni öz ölkənizdə həyata keçirirsinizsə, bazarı artıq tanıyır və prosesləri necə təşkil etməyi bilirsiniz. Yeni ölkədə isə hər şey fərqlidir. Buna görə də hazırlıq üçün kifayət qədər vaxt tələb olunur.
Developerlər, bir qayda olaraq, yeni bazara yalnız bir layihəni həyata keçirmək məqsədilə daxil olmurlar. Yerli xüsusiyyətləri öyrəndikdən, zəruri səriştələri formalaşdırdıqdan və işgüzar əlaqələr qurduqdan sonra şirkətlər həmin ölkədə fəaliyyətlərini genişləndirməyə və yeni layihələr həyata keçirməyə çalışırlar”, - deyə o bildirib.