Bakı.Trend:
ABŞ-nin müdafiə naziri Pit Heqset respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Demokratlar Partiyasının siyasi təzyiqlərinə boyun əyməyəcək və ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddəti başa çatanadək vəzifəsində qalacaq.
Bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
“Heqset prezident Trampın səlahiyyət müddətinin sonunadək nazirliyə rəhbərlik etməkdə 100 faiz qərarlıdır”, – deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
Parnellin sözlərinə görə, Heqset “öz partiyalarına siyasi xal qazandırmağa çalışan və hər hansı qanun pozuntusu olmadığı halda əsassız araşdırmalara başlamaq istəyən siyasətçilərin təzyiqlərinə boyun əyməyəcək”.
Pentaqon nümayəndəsi həmçinin qeyd edib ki, Müdafiə Nazirliyi demokratların sifarişli “cadugər ovu” təhdidlərinə baxmayaraq, prezident Trampın siyasi kursunu həyata keçirməyə davam edəcək.
Çərşənbə günü Tramp Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib. O, nazirin öz vəzifələrini “çox yaxşı yerinə yetirdiyini” düşündüyünü vurğulayıb.
Bundan əvvəl “CBS News” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp köməkçiləri ilə Heqsetin mümkün istefasını müzakirə edir. Telekanalın məlumatına görə, ABŞ Prezidenti respublikaçıların Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmamalı olduğu ilə maraqlanıb.