Bakı.Trend:
Pakistanın İslamabad şəhərində fəaliyyət göstərən və Azərbaycanın təcrübəsinə əsaslanan "Asan Xidmət" mərkəzi ölkə vətəndaşlarının həyatını əhəmiyyətli dərəcədə sadələşdirib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü Pakistan İslam Respublikasının İinformasiya texnologiyaları və telekommunikasiya üzrə inkişaf naziri Şaza Fatima Xavaca “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.
O bildirib ki, cari ilin yanvar ayında Pakistanın Baş naziri tərəfindən açılan mərkəz ilkin mərhələdə 12 dövlət müəssisəsinin 64 xidmətini əhatə edib və indiyədək 171 mindən çox vətəndaşa xidmət göstərib.
“Layihənin həyata keçirilməsində dizayn, proqram təminatı və xidmətlərin çatdırılması istiqamətində Azərbaycanla qurulan tərəfdaşlıq əsas rol oynayıb. 12 qurumun sənədlərin qəbulu və qərar qəbuletmə mexanizmlərinin əlaqələndirilməsi hökumətin vətəndaşlara yönəlmiş xidmət anlayışını tamamilə dəyişdi. Azərbaycanın bölüşdüyü bu təcrübəni bizim üçün ən dəyərli yanaşmadır”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur. Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.