Bakı.Trend:
ABŞ-nin "Comstock" enerji şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladığı sövdələşmədən sonra maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyir.
Bu barədə "Comstock" şirkətinin məlumatında bildirilib.
“SOCAR-a 1,65 milyard ABŞ dolları dəyərində aktivlərin satılması "Comstock"un maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək. Sövdələşmənin qüvvəyə minmə tarixi 2026-cı il iyulun 1-i müəyyən edilib. Zəruri dövlət icazələrinin alınması da daxil olmaqla, standart şərtlərin yerinə yetirilməsi ilə sövdələşmənin 2026-cı ilin sonunadək tamamlanması gözlənilir”, - deyə şirkətdən bildirilib.
Məlumata görə, şirkət 2026-cı il noyabrın 4-də banklarla bağladığı kredit xətti üzrə müqaviləyə dəyişiklik edərək kreditin ödəmə müddətini 2028-ci il noyabrın 15-dək uzadıb.
“SOCAR ilə sövdələşmə başa çatdıqdan və əldə olunan vəsait hesabına borc öhdəlikləri ödənildikdən sonra kredit xəttinin ödəmə müddəti əlavə olaraq 2031-ci il noyabrın 15-dək uzadılacaq. SOCAR ilə sövdələşmə tamamlandıqdan sonra bankların kredit xətti üzrə ümumi öhdəliklərinin həcmi 1,5 milyard ABŞ dolları səviyyəsində qalacaq. Bununla yanaşı, cəlb edilə biləcək kredit vəsaitinin həcmi ilkin olaraq 1,6 milyard ABŞ dolları müəyyən edilmiş kredit bazası ilə məhdudlaşacaq”, - deyə şirkətdən bildirilib.
2026-cı il noyabrın 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin “Comstock” enerji şirkəti yekun alqı-satqı müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, SOCAR “Comstock”un aşağıdakı aktivlərində qeyri-nəzarət iştirak paylarını əldə edəcək.
- "Legacy Haynesville" regionunda karbohidrogen hasilatı layihələrində "Comstock"un 20 faizlik iştirak payını;
- "Western Haynesville" regionunda karbohidrogen hasilatı layihələrində "Comstock"un 15 faizlik iştirak payını;
- "Pinnacle Gas Services LLC" şirkətində "Comstock"a məxsus 73 faizlik iştirak payının 15 faizini.
Bununla yanaşı, SOCAR-ın "Western Haynesville" hasilat aktivlərindəki iştirak payı beş ildən sonra, şirkətin həmin aktivlərə yatırdığı investisiyalar üzrə 15 faizlik gəlirlilik səviyyəsinə nail olmasından sonra 7,5 faizə qədər azalacaq.