Bakı. Trend:
Ötən gecə Hörmüz boğazında qeyri-qanuni marşrutdan keçməyə cəhd edən iki böyük neft tankeri və bir yedək gəmisi dəniz minasına düşərək yanğın baş verib.
Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.
SEPAH bildirir ki, ötən gecə Hörmüz boğazında iki hadisə baş verib. Hadisədə 1 böyük neft tankeri Hörmüz boğazının qeyri-qanuni marşrutundan istifadə etməyə çalışıb. Lakin dəniz minasına düşüb və yanğın baş verib. Nəticədə tanker hərəkətini dayandırıb.
Daha bir böyük neft tankeri də Hörmüz boğazından qanunsuz şəkildə keçməyə cəhd edib və dəniz minasına düşərək hərəkətini dayandırıb. Neft tankerində baş verən yanğını söndürməyə gələn yedək gəmisində də yanğın baş verib.
“Eyni zamanda SEPAH-ın Hərbi Dəniz Qoşunları ABŞ-yə məxsus iki ədəd “Lukas” Pilotsuz Uçuş Aparatını nəzarətə götürərək yerə endirib və qənimət götürüb”, -deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.