Bakı. Trend:
4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı keçirilir.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, dünyanın güclü gimnastlarını bir araya gətirən mötəbər yarışda Azərbaycan milli komandasının üzvləri də medallar uğrunda mübarizə aparırlar.
Çempionatda ölkəmizi batut gimnastikası üzrə qarışıq sinxron proqramda 2026-cı il Dünya kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil edirlər. Selcan Mahsudova və Maqsud Mahsudov həmçinin fərdi proqramda da öz bacarıqlarını nümayiş etdirəcəklər.
Tamblinq üzrə milli komandamızın heyətində isə komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alırlar. Təcrübəli gimnastlarımız həm fərdi, həm də komanda yarışlarında növbəti uğurlarını qazanmaq əzmindədirlər.
Qeyd edək ki, Aleksey Karataşov ilk dəfə böyüklər yaş kateqoriyasında Dünya çempionatında debüt edir.
Çempionatın ilk təsnifat günü Azərbaycan gimnastları üçün uğurlu nəticələrlə yadda qalıb. Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Tamblinq üzrə təmsilçilərimiz də inamlı çıxışları ilə fərqləniblər. Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə 57.100 xalla dördüncü pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak etmək hüququ əldə edib.
Komanda yarışlarında da gimnastlarımız uğurlu nəticəyə imza atıblar. Tamblinq üzrə milli komandamız ümumilikdə 87.200 xal toplayaraq sıralamanın 1-ci pilləsindən final mərhələsinə vəsiqəni təmin edib.
Noyabrın 5-də isə batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu dəfə fərdi çıxışları ilə ölkəmizi təmsil edəcəklər.


