Bakı.Trend:
Fransa Prezidenti, faktiki diktator Emmanuel Makron noyabrın 5 və 7-də keçirilməsi planlaşdırılan ümumxalq etirazları ilə əlaqədar Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
BFMTV telekanalının məlumatına görə, Makron Daxili Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Selin Berton, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fabien Mandon və Milli Polisin rəhbərliyinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Noyabrın 5-də Paris regionunda 500-700 min nəfərin iştirakı gözlənilən etirazlarda iş yerlərinin qorunması, əməkhaqlarının artırılması, dövlət xidmətlərinin və sənayenin dəstəklənməsi tələb olunacaq.
Fransa hökuməti etirazlar zamanı zorakılıq və talan hallarının təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirir. Kəşfiyyat hesabatında xüsusilə şəhər mərkəzlərində zorakılığın yeni miqyas ala biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, oktyabrın 17-də Fransada keçirilən kütləvi etirazlar toqquşmalar və talanlarla müşayiət olunub, ölkə üzrə 2 mindən çox insan saxlanılıb.