Bakı. Trend:
İtaliyalı rejissor Tinto Brass 93 yaşında vəfat edib.
Bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, rejissor noyabrın 4-də səhər saat 10:30 radələrində Romada dünyasını dəyişib. Onun vəfat etdiyini həyat yoldaşı Katerina Varsi, övladları Bonifacio və Beatris Brass agentliyə təsdiqləyiblər.
Ailəsi dəfn mərasiminin yalnız yaxınlarının iştirakı ilə, qapalı şəkildə keçirilməsini planlaşdırır.
Tinto Brass 1933-cü il martın 26-da Milanda anadan olub. O, karyerasının ilk illərində intellektual və psixoloji kino sahəsində çalışıb, 1960–1970-ci illərdə müxtəlif janrlarda avanqard filmlər çəkərək tənqidçilərin diqqətini cəlb edib.
Rejissor daha çox erotik filmləri, provokativ süjetləri, açıq səhnələri və seksual yumor elementləri ilə tanınıb. Onun ən məşhur ekran əsərləri arasında “Kaliqula”, “Kitti salonu” və “Miranda” filmləri yer alır.
Tinto Brass dünya kinosunda erotik janrın tanınmış rejissorlarından biri hesab olunur.