Bakı.Trend:
"PASHA Real Estate Group" şirkəti Daşkənddə "Ritz-Carlton" layihəsinin tikintisini 2028-ci ilin yayında başa çatdırmağı, layihə çərçivəsində daşınmaz əmlakın satışına isə 2027-ci ilin dördüncü rübündə başlamağı planlaşdırır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə "PASHA Real Estate Group" şirkətinin kommersiya direktoru və beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov çərşənbə günü Bakıda keçirilən "AIREX 2026" beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində bildirib.
Onun sözlərinə görə, layihənin tikintisinə ötən ilin əvvəlində başlanılıb. E.Qədimov qeyd edib ki, kompleksə "Ritz-Carlton" brendi altında fəaliyyət göstərəcək otel binası və həmin brendin rezidensiyaları, eləcə də JW brendi altında mənzillərin yerləşəcəyi iki hündürmərtəbəli yaşayış qülləsi daxildir.
“Ümumilikdə, layihə "Ritz-Carlton" və JW brendləri altında təxminən 700 rezidensiyanın yaradılmasını nəzərdə tutur.
Bundan əlavə, kompleksin ərazisində restoranların, salonların və butiklərin yerləşəcəyi piyada zonasının yaradılması planlaşdırılır”, - deyə o bildirib.
E.Qədimov əlavə edib ki, layihə Daşkənddə "Milliy Bog" ərazisində, Mərkəzi Parkın yaxınlığında yerləşir.
Onun sözlərinə görə, təqdim olunan fotoda əks olunan ətraf landşaft layihənin yerləşəcəyi real əraziyə uyğundur və kompüter qrafikası ilə hazırlanmış görüntü deyil.
Qeyd edək ki, Bakıda Azərbaycanda daşınmaz əmlak və investisiyalar üzrə ilk ixtisaslaşmış beynəlxalq AIREX 2026 sərgisi keçirilir.
Noyabrın 4-dən 6-dək davam edəcək sərgidə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən 70-dən çox yerli və xarici şirkət iştirak edir.
Sərgini təxminən 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Tədbir potensial mənzil alıcılarını, investorları, eləcə də daşınmaz əmlak bazarının peşəkar iştirakçılarını bir araya gətirir. Ziyarətçilər yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri və inkişaf perspektivləri barədə məlumat əldə etmək, həmçinin şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər.