Ağdam. Trend:
İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, indiyədək Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə, Laçın və Füzuli rayonlarında ümumilikdə 610 hektar meşə fondu torpağında əkin və səpin işləri həyata keçirilib.
V. Kərimov bildirib ki, meşəbərpa tədbirləri çərçivəsində ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi planları da nəzərə alınır. Bu istiqamətdə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazi planlaşdırma sənədlərində yeni yaşıllıq zolaqlarının salınması üçün nəzərdə tutulan torpaq sahələrində indiyədək ümumilikdə 205 hektar yaşıllıq massivi yaradılıb.
Qeyd edək ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti müzakirə olunur.