Bakı.Trend:
2026-cı ildə dünya bazarında gözlənilən neft qıtlığına dair proqnoz günə 310 min barel azaldılaraq 3,5 milyon barelə endirilib.
Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) "OIES Oil Monthly" hesabatına əsasən, 2027-ci ildə təklif profisitinə dair proqnoz əsasən dəyişməz saxlanılaraq gündəlik təxminən 900 min barel səviyyəsində müəyyən edilib.
Hesabata görə, 2026-cı ildə proqnozlaşdırılan neft qıtlığının təxminən 60 faiz azalması təklifin artması, əsasən də 2026-cı ilin üçüncü rübündə Yaxın Şərq regionundan tədarükün gözləniləndən daha əhəmiyyətli dərəcədə bərpası ilə əlaqədardır.
"2026-cı ilin üçüncü rübü üzrə dünya neft təklifi proqnozu gündəlik 830 min barel, dördüncü rüb üzrə isə gündəlik 220 min barel artırılıb. İllik təklif qiymətləndirməsi gündəlik 190 min barel yüksəldilib.
Proqnoza yenidən baxılmasına təsir göstərən digər amil dövlət siyasəti ilə bağlı qeyri-müəyyənlik, neft məhsullarının məhdud təklifi və yüksək qiymətlər fonunda, əsasən ilin ikinci yarısında tələbat proqnozunun gündəlik 120 min barel azaldılması olub", - deyə institutun hesabatında bildirilir.
Bununla belə, OIES 2026-cı ilin üçüncü rübündə gündəlik 2,5 milyon barel təşkil edən neft qıtlığının dördüncü rübdə 4,5 milyon barelədək artacağını proqnozlaşdırır.
"Bu, məhdud olaraq qalan təklifin bərpasının tələbatın proqnozlaşdırılan artımından geri qalması ilə əlaqədardır. Bununla yanaşı, dördüncü rüb üçün gözlənilən neft qıtlığı əvvəlki qiymətləndirmə ilə müqayisədə gündəlik 430 min barel azdır", - deyə hesabatda qeyd olunur.
"2027-ci ildə təklif profisiti, demək olar ki, tamamilə ilin ikinci yarısında cəmləşəcək. İlin birinci yarısında bazar balansı əvvəlki qiymətləndirmə ilə müqayisədə gündəlik 160 min barel daha gərgin olacaq.
2027-ci ilin birinci rübündə gündəlik 1,5 milyon barel həcmində gözlənilən qıtlıq ikinci rübdə proqnozlaşdırılan gündəlik 1,55 milyon barel profisitlə əsasən kompensasiya olunacaq. Nəticədə, ilin birinci yarısında bazarda ümumilikdə tarazlıq müşahidə ediləcək.
İkinci yarıda orta profisitin gündəlik 1,7 milyon barel təşkil edəcəyi və bunun ehtiyatların artırılmasına imkan verəcəyi gözlənilir.
Bununla yanaşı, 2027-ci ildə ehtiyatların proqnozlaşdırılan xalis artımı 2026-cı ildə gözlənilən ehtiyat azalmasının yalnız təxminən 25 faizini kompensasiya edəcək.
OECD ölkələrinin dövlət xam neft ehtiyatlarını müharibədən əvvəlki səviyyəyə, yəni təxminən 90 günlük istehlak həcminə çatdırmaq üçün 2027-ci ilin sonunadək ehtiyatları gündəlik orta hesabla 685 min barel artırmaq tələb olunacaq. Bu isə proqnozlaşdırılan profisitin təxminən 80 faizini təşkil edəcək", - deyə institut bildirir.
OIES-in məlumatına görə, avqust ayınadək 2025-ci ilin sonundan etibarən dünya üzrə neft ehtiyatlarının azalması 501 milyon barelə çatıb. Bu göstərici 2025-ci ilin bütün ili ərzində qeydə alınmış 451 milyon barellik ümumi artımdan çoxdur.