Bakı. Trend:
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən kənd təsərrüfatı sahələrinin ümumi ərazisi 155 min hektarı ötüb. Son bir ildə bu göstərici 20-25 min hektar artıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə cümə günü Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı işçiləri, fermerlər, sahibkarlar, mexanizatorlar, baytarlar və aqronomlar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
M.Məmmədov qeyd edib ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının əsas məqsədləri daha az resursdan istifadə etməklə daha çox məhsul istehsalına nail olmaq, fermerlərin rifahını yüksəltmək, aqrar iqtisadiyyatın inkişafını sürətləndirmək və məhsuldarlığı artırmaqdır.
"Elmsiz kənd təsərrüfatı mümkün deyil. Bu baxımdan aqrar təhsilə, elmə, innovativ texnologiyaların tətbiqinə və sahədə səmərəliliyin artırılmasına xüsusi diqqət yetirəcəyik", – deyə nazir vurğulayıb.
O bildirib ki, Dövlət Proqramı çərçivəsində bölgələrdə keçirilən müşavirələrdən sonra fermerlər və sahibkarlar tərəfindən müxtəlif istiqamətlər üzrə investisiya layihələri təqdim olunub. Hazırda həmin layihələrin həyata keçirilməsi və planlaşdırılması istiqamətində işlər aparılır.
M.Məmmədov işğaldan azad edilmiş ərazilərdə istixana təsərrüfatlarının sənaye üsulu ilə, vahid zonada yaradılmasının nəzərdə tutulduğunu bildirib.
"Artıq həmin ərazilərdə 230 hektar istixana sahəsinin ayrılması istiqamətində işlər görülüb və bu ərazilərin demək olar ki, hamısına sahibkarlar tərəfindən investisiya məqsədilə maraq göstərilib. Bu istiqamətdə layihələrin daha da genişləndirilməsi nəzərdə tutulur", – deyə o qeyd edib.
Nazir əlavə edib ki, müasir suvarma sistemlərinin genişləndirilməsi Dövlət Proqramının hədəflərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, 2025-ci ilin sonunda müasir suvarma sistemləri tətbiq edilən sahələrin ümumi ərazisi 130 min hektar olduğu halda, hazırda bu göstərici 150-155 min hektarı ötüb.
M.Məmmədov taxılçılıqda da əsas hədəfin əkin sahələrini genişləndirməkdən daha çox, mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə etməklə məhsuldarlığı artırmaq olduğunu vurğulayıb.
O bildirib ki, ərzaqlıq buğda istehsalının artırılması Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə ərzaqlıq buğda istehsalına dəstək proqramının genişləndirilməsi nəzərdə tutulur.
Nazirin sözlərinə görə, 2025-ci ildə ərzaqlıq buğda proqramı çərçivəsində 126 min ton məhsul istehsal edildiyi halda, 2026-cı ildə bu göstərici 170 min tonu ötüb.
"Sevindirici məqam ondan ibarətdir ki, ölkə üzrə taxıl məhsuldarlığı bu il 33-34 sentner təşkil etdiyi halda, ərzaqlıq buğda proqramı çərçivəsində müasir suvarma tətbiq olunan sahələrdə məhsuldarlıq 54 sentneri ötür", – deyə M.Məmmədov bildirib.
O qeyd edib ki, müasir suvarma sistemlərinin tətbiqi, lazer mala texnologiyasından istifadə, daha keyfiyyətli toxumların əkilməsi və müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.
Nazir əlavə edib ki, gübrələmə və dərmanlama proseslərində dronlardan istifadə də aqrar sahədə işlərin vaxtında və daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
"Bizim növbəti hədəfimiz əkin sahələrini artırmaq deyil, daha az torpaq sahəsindən istifadə etməklə daha yüksək məhsuldarlığa və nəticədə daha çox məhsul istehsalına nail olmaqdır", – deyə o vurğulayıb.
M.Məmmədov işğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsinin də Dövlət Proqramının uğurlu icrası baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.