Bakı. Trend:
Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
"Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5.9% olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0.2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0.1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.
İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcəkdir. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir", - məlumatda bildirilib.
Qeyd edilib ki, illik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir: "2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0.2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.9%, ödənişli xidmətlər üzrə 5.1%, qeyri-qida məhsulları üzrə isə 3.6% olub. İllik baza inflyasiya 4.9% təşkil edib".