Bakı. Trend:
ABŞ-yə qaçan braziliyalı senator Flavio Bolsonaro prezident seçkilərində məğlub olduqdan sonra açıq məktub dərc edib. O, əvvəlcə özünü “Braziliyanın həqiqətən seçilmiş prezidenti” elan edib. Lakin təxminən bir saat sonra siyasətçi yeni “vəzifəsinin” adını dəyişərək özünü Cənubi Amerika respublikasının “lideri” adlandırmağa qərar verib.
“Braziliya xalqına və beynəlxalq ictimaiyyətə Braziliyanın lideri kimi müraciət edirəm”, – deyə onun X sosial şəbəkəsində dərc etdiyi məktubda bildirilir. Keçmiş prezident Jair Bolsonaronun oğlu əvvəlki müraciətini silib. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil.
Bununla yanaşı, siyasətçi açıq məktubda gerbin təsvirini də dəyişib. İlkin paylaşımda mətnin üstündə 1889–1967-ci illərdə istifadə olunmuş respublika gerbi yerləşdirilmişdi. Həmin dövrdə ölkənin konstitusiyaya əsasən rəsmi adı “Braziliya Birləşmiş Ştatları” olub. Yeni versiyada isə Bolsonaro gerbi ölkənin “Braziliya Federativ Respublikası” adlandırıldığı müasir gerblə əvəz edib.
Oktyabrın 25-də Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luis İnasio Lula da Silva Flavio Bolsonaroya qalib gələrək dördüncü prezidentlik müddətinə yenidən seçilib. Senatorun namizədliyini irəli sürən Liberal Partiyası, eləcə də onun əsas müttəfiqləri məğlubiyyəti qəbul ediblər. Bir gün sonra senator ölkəni tələsik tərk edib. Belə ki, məhkəmə daha əvvəl onu çirkli pulların yuyulması da daxil olmaqla, iqtisadi cinayətlərdə ittiham etmişdi.