Bakı.Trend:
Pentaqona İranla münaqişə zamanı itirilən hərbi texnikanın əvəzlənməsi üçün 6 milyard dollardan çox vəsait tələb olunacaq.
Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət itirilmiş uçuş aparatlarının, o cümlədən bahalı kəşfiyyatçı və zərbəçi dronlarının əvəzlənməsindən də gedir.
Daha əvvəl “The Hill” qəzeti ABŞ-nin İrana qarşı hərbi əməliyyatının xərclərinin 47 milyard dollara çatdığını bildirmişdi.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunu imzalayıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılmasına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiqin artırılmasına yönələn siyasi kurs tutub.