Bakı. Trend:
Bərpadan sonra açılmış Ağdam İmarət Kompleksinə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – İCOMOS tərəfindən xüsusi sertifikat verilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sertifikat tədbirdən əvvəl İCOMOS-un baş katibi Malik tərəfindən təqdim olunub və kompleksin qurumun xüsusi mədəni irs siyahısına daxil edildiyini göstərir.
“Bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə bərpaya göstərdiyi xüsusi diqqətin təzahürüdür. Bu, artıq beynəlxalq səviyyədə onun tanınması deməkdir”, – deyə Emin Hüseynov bildirib.
Emin Hüseynov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpasına həssaslıqla yanaşılır və bu işlərə qabaqcıl mütəxəssislər cəlb olunur.
O bildirib ki, Ağdam İmarət Kompleksi qoruq olmaqla yanaşı, yerli və xarici turistlərin ziyarət etdiyi məkana çevrilib. Ziyarətçilər burada Qarabağ xanlığının və Qarabağ xanlarının tarixi, eləcə də Qarabağ münaqişəsi və 30 illik işğal dövrü haqqında məlumatlarla tanış olurlar.
Emin Hüseynov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu cür layihələr bərpa edildikdən sonra onların vahid konsepsiya ətrafında beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması üçün xüsusi tədbirlərin görülməsi planlaşdırılır.