Bakı. Trend:
Hakimlərin şəxsi kredit və borc öhdəlikləri onların müstəqilliyinə və qərəzsizliyinə təsir etməməlidir. Yeni etik tələblərə əsasən, hakimlər dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə etməməli, ailə üzvlərinin davranışlarının məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməməsi üçün də tədbirlər görməlidirlər.
Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin maliyyə öhdəlikləri, dövlət resurslarından istifadə qaydaları və şəxsi münasibətlərdə davranışları ilə bağlı müddəalar yer alıb.
Tələblərə əsasən, hakimin kreditləri, borcları və digər şəxsi maliyyə öhdəlikləri onun müstəqilliyinə və qərəzsizliyinə təsir göstərməməlidir.
Hakim istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən, eləcə də digər maddi-texniki avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməlidir. Bu resurslardan xidməti vəzifələrin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Yeni müddəalara görə, hakim ailə, məişət, maliyyə və digər münasibətlərdə yaranan çətinlikləri və anlaşılmazlıqları yalnız qanuni üsullarla həll etməlidir.
Bundan başqa, hakim məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunması üçün ailə üzvlərinin də məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olmayan davranışlardan çəkinmələrinə dair bütün zəruri və ağlabatan tədbirləri görməlidir.