Bakı.Trend:
Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclasının yaxın vaxtlarda keçirilməsi gözlənilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Tereza Lünnemann çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Almaniya və Azərbaycan iqtisadi əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətləri inkişaf etdirir.
“İkitərəfli münasibətlərin inkişafında mühüm mərhələ iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri olub. Səfər zamanı Almaniyanın Federal kansleri Fridrix Merts və Azərbaycan Prezidenti ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair birgə bəyannamə imzalayıblar.
Bu, iki ölkənin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib”, – deyə Lünnemann qeyd edib.
O, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında bəyannamənin imzalandığını bildirib və şuranın ilk iclasının tezliklə keçiriləcəyinə ümidvar olduğunu söyləyib.
Lünnemann vurğulayıb ki, siyasi razılaşmalar mühüm əhəmiyyət daşıyır, lakin konkret nəticələrə nail olmaq üçün praktiki əməkdaşlıq zəruridir. Onun sözlərinə görə, biznes forumu əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olan Almaniya və Azərbaycan şirkətlərinin nümayəndələrini bir araya gətirir.
O, xüsusilə qida məhsullarının emalı və qablaşdırılması sahəsində əməkdaşlıq perspektivlərini qeyd edib.