Bakı. Trend:
Yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən yaşayış evlərinin və torpaq sahələrinin hüquqi vəziyyəti, eləcə də infrastruktur obyektlərinin bərpası və təkmilləşdirilməsi ilə bağlı hüquqi mexanizmlər dəqiqləşdirilməlidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, metro və dəmir yolu şəbəkələrinin, müasir nəqliyyat qovşaqlarının yaradılması, eləcə də digər strateji infrastruktur layihələrinin həyata keçirilməsi mühüm ictimai əhəmiyyət daşıyır. Bu layihələrin reallaşdırılması üçün zəruri torpaq sahələrinin əldə edilməsinin hüquqi əsaslarının dəqiqləşdirilməsi də qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Deputatın sözlərinə görə, bununla yanaşı, dövlət ehtiyacları üçün torpaqların alınmasının hüquqi əsaslarının genişləndirilməsi mülkiyyət hüququnun müdafiəsi, hüquqi müəyyənlik və qanunun zamana görə qüvvəsi prinsipləri ilə uzlaşdırılmalıdır.
O qeyd edib ki, qanun layihəsi ilə dövlət ehtiyacları üçün torpaqların alınmasına əsas verən obyektlərin siyahısına tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiyaların və depoların daxil edilməsi, habelə yüksək gərginlikli elektrik şəbəkələri ilə bağlı tənzimləmənin dəyişdirilməsi təklif olunur.
“Bu dəyişikliklərin məqsədi anlaşılandır. Bununla belə, təklif olunan hüquqi mexanizmlərin həm gələcək infrastruktur layihələrinə, həm də artıq mövcud olan obyektlərlə bağlı vəziyyətlərə təsiri tam aydın olmalıdır”, – deyə E.Mirzəbəyli vurğulayıb.
Deputat diqqət yetirilməli olan ilk məsələnin hazırda yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə mövcud yaşayış evlərinin və torpaq sahələrinin hüquqi vəziyyəti olduğunu bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə yaşayış evləri yerləşir və bu əmlakların müəyyən hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məlumatlar var. Belə olan halda, yeni elektrik xətlərinin çəkilməsi üçün torpaqların dövlət ehtiyacları məqsədilə alınması mümkün olduğu halda, artıq mövcud elektrik xətlərinin altında yerləşən yaşayış evlərinin və torpaq sahələrinin hüquqi taleyinin necə həll ediləcəyi sual doğurur.
E.Mirzəbəyli qeyd edib ki, yeni infrastruktur layihələri ilə əlaqədar torpaqların alınması üçün hüquqi mexanizmin mövcudluğu əvvəllər çəkilmiş elektrik xətlərinin altında yerləşən evlərin hüquqi vəziyyətini öz-özlüyündə həll etmir.
“Əgər bu hallara tətbiq edilə bilən ayrıca hüquqi əsas və mexanizm müəyyən edilməyibsə, mövcud yaşayış sahələri ilə bağlı hüquqi qeyri-müəyyənlik yarana bilər”, – deyə deputat bildirib.
O əlavə edib ki, hazırda elektrik xətlərinin altında yerləşən yaşayış evlərinin hüquqi vəziyyəti ilə bağlı suallar cavabsız qalmamalıdır.
Deputat diqqətə çatdırıb ki, qanun layihəsinə əlavə edilmiş arayışda nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, infrastruktur obyektlərinin bərpası və təkmilləşdirilməsi də məqsəd kimi göstərilib. Stansiyaların, depoların və xətlərin bərpası və təkmilləşdirilməsi üçün zəruri torpaq sahələrinin əldə edilməsinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulan məqsədlər sırasındadır.
Lakin onun sözlərinə görə, qanun layihəsinə təklif edilən dəyişikliklərdə bərpa və təkmilləşdirmə anlayışları nəzərdə tutulmayıb.
E.Mirzəbəyli bildirib ki, tikinti, genişləndirmə, yenidənqurma, bərpa və təkmilləşdirmə anlayışlarının hüquqi məzmunu və tətbiq dairəsi eyni olmaya bilər. Buna görə də qanunun hansı fəaliyyət növlərinə və hansı hallarda şamil ediləcəyi normativ mətndə birmənalı müəyyənləşdirilməlidir.
Deputat layihədə dövlət əhəmiyyətli yolların, tunellərin, o cümlədən metro tunellərinin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılmasının nəzərdə tutulduğunu xatırladıb.
O bildirib ki, “tikilmə” və “quraşdırılma” ifadələrinin sadalanan bütün obyektlərə eyni şəkildə aid edilməsi dilçilik və texniki baxımdan suallar yaradır.
“Tunel tikilir, magistral neft və qaz boru kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, tramvay xətləri çəkilir, kanalizasiya və hidrotexniki qurğular quraşdırılır”, – deyə E.Mirzəbəyli qeyd edib.
Deputatın fikrincə, burada dil redaktəsi ilə yanaşı, normanın hansı fəaliyyət istiqamətlərinə tətbiq ediləcəyinin də aydın olması vacibdir. Sadalanan obyektlərin texniki xüsusiyyətləri nəzərə alınmaqla, onların hüquqi nəticə doğuran fəaliyyətlərinin qanunda daha dəqiq ifadə olunması qiymətləndirilməlidir.
O, əvvəlki redaksiyada, məsələn, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılmasından bəhs edildiyini xatırladaraq, həmin ifadənin anlayış baxımından əhatəli olmasa da, düzgün ifadə edildiyini bildirib.
E.Mirzəbəyli bir daha vurğulayıb ki, nəqliyyat və enerji infrastrukturunun inkişafı ilə bağlı məqsədlər mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, deputat qeyd etdiyi məsələlərin qanun layihəsinin ikinci oxunuşuna qədər nəzərdən keçirilməsini təklif edib.