Bakı.Trend:
Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) idxalçıları 2026-cı ildə alışlara Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl proqnozlaşdırılandan ən azı 39 milyard dollar çox vəsait xərcləyəcəklər. Bu, idxal həcmlərinin 60,7 milyon ton azalmasına baxmayaraq baş verəcək.
Bu barədə "Rystad Energy" şirkətinin məlumatında bildirilib.
Şirkətin proqnozuna görə, uzunmüddətli müqavilələr və spot bazar vasitəsilə LNG alışlarına ümumi xərclər 256,3 milyard dollara çatacaq. Münaqişə başlamazdan əvvəl bu göstəricinin 217,8 milyard dollar olacağı gözlənilirdi. Beləliklə, xərclər təxminən 18% artacaq.
“Qətər və BƏƏ-dən Hörmüz boğazı vasitəsilə LNG tədarükündə yaranan fasilələr alıcıları alternativ yanacaq mənbələri axtarmağa və daha yüksək qiymətlərlə əlavə həcmdə qaz almağa məcbur edir. Rystad Energy-nin modelinə əsasən, Qətər və BƏƏ-dən LNG tədarükü mart ayından 2026-cı ilin sonunadək əlçatan olmayacaq.
Nəzərdən keçirilən regionlar arasında Avropanın xərcləri ən çox artacaq. Tələbatın 24 milyon ton azalmasına baxmayaraq, regionun LNG idxalına çəkdiyi xərclər ən azı 12 milyard dollar və ya 18% artacaq.
Münaqişə başlamazdan əvvəl Avropa artıq əhəmiyyətli dərəcədə spot bazardan alışlardan asılı idi. Bu isə həmin alışların idxaldakı payını daha da artırmaq imkanlarını məhdudlaşdırır. Tələbatın azalması nəzərə alınmaqla, Rystad Energy-nin proqnozuna görə, regionun LNG idxalında spot bazar alışlarının payı münaqişədən əvvəlki qiymətlərlə müqayisədə cəmi 5,49% artacaq”, – deyə şirkət bildirib.
Qeyd olunur ki, bundan əlavə, Avropa münaqişədən əvvəl 2026-cı il üçün nəzərdə tutulan Qətər mənşəli 24,7 milyon ton LNG-nin 20,6 milyon tonunu ala bilməyə bilər.
“Şərqi Asiyada tədarük fasilələrinin təsiri nisbi ifadədə daha zəif olacaq. Regionun LNG idxalının yalnız 14,5%-i spot bazar vasitəsilə həyata keçirilir. Yaxın Şərqdən kənar təchizatçılarla müqavilələrin daha şaxələndirilmiş strukturu və tələbatın azalması tədarük fasilələrinin təsirini məhdudlaşdıracaq.
Fars körfəzi ölkələrindən müqavilə əsasında tədarükdən nominal asılılığın ən yüksək səviyyədə olmasına baxmayaraq, Yaxın Şərqdən kənar regionlar arasında LNG xərclərinin nisbi artımı Şərqi Asiyada ən aşağı səviyyədə – 9,7% olacaq. Cənubi Asiya ölkələri isə vəziyyətə əsasən idxalı azaltmaqla uyğunlaşırlar. Rystad Energy-nin qiymətləndirməsinə görə, Pakistan alışları Hindistanla müqayisədə daha əhəmiyyətli dərəcədə azaldır”, – deyə Rystad Energy bildirib.
Şirkətin məlumatına görə, Afrikada və Cənubi Amerikada qiymətlərin və idxal həcmlərinin artımına təsir edən əsas amillər müvafiq olaraq Misir və Braziliyadır. Yaxın Şərq ölkələri isə yaranmış tədarük fasilələrinə tələbatı azaltmaqla uyğunlaşırlar.
“Bu münaqişə qaz bazarının bütün iştirakçılarına bu və ya digər dərəcədə təsir göstərib. Lakin bütün iqtisadiyyatların nəticələri yumşaltmaq imkanları eyni deyil. Bəzi idxalçılar xərclərin artımına daha yaxşı hazırdırlar, digərləri isə alış həcmlərini azaltmaq və bunun iqtisadi nəticələrini qəbul etmək məcburiyyətində qalırlar”, – deyə Rystad Energy-nin qaz bazarı və LNG üzrə tədqiqatlar üzrə baş analitiki Kristof Halzer bildirib.
Onun sözlərinə görə, böhran qaz təchizatının təhlükəsizliyindəki zəiflikləri üzə çıxarır. Qiymət göstəricilərinin şaxələndirilməsi xərcləri idarə etməyə kömək etsə də, yanacağın fiziki baxımdan əlçatan olmasına zəmanət vermir.
Halzer qeyd edib ki, idxalçılar yalnız qiymət risklərini deyil, həm də konkret tədarük mənbələrindən və nəqliyyat marşrutlarından asılılığı qiymətləndirməlidirlər. Müqavilə portfelləri formalaşdırılarkən tədarükün etibarlılığı, eləcə də azaldılması və ya digər enerji mənbələri ilə əvəzlənməsi çətin olan tələbat nəzərə alınmalıdır.
Analitikin qiymətləndirməsinə görə, tədarükün qəfil dayandırıla biləcəyi şəraitdə qaz təchizatının etibarlılığı alınan qazın qiyməti qədər əhəmiyyət daşıyır.