Bakı.Trend:
Avqust ayında dünyada təbii qaz hasilatı iyul ayı ilə müqayisədə artıb, lakin illik ifadədə azalıb.
Beynəlxalq Enerji Forumunun (IEF) Neft Məlumatları üzrə Birgə Təşəbbüsünə (JODI) əsaslanan qaz bazarı icmalında bildirilir ki, 2026-cı ilin avqust ayında dünya üzrə təbii qaz hasilatı iyul ayı ilə müqayisədə 5,1 milyard kubmetr artıb, lakin illik ifadədə 1 milyard kubmetr azalıb.
Qeyd olunur ki, hasilatın aylıq artımı əsasən Çində 2,7 milyard kubmetr, Rusiyada 2,2 milyard kubmetr və Qətərdə 0,3 milyard kubmetr artımla əlaqədar olub.
“İllik ifadədə hasilatın azalması əsasən Hörmüz boğazının bağlanması ilə əlaqədar Qətərdə təbii qaz hasilatının 10,8 milyard kubmetr, eləcə də Azərbaycanda 0,4 milyard kubmetr azalması ilə bağlı olub.
Eyni zamanda, bu azalma ABŞ-də 4,5 milyard kubmetr, Çində 2,9 milyard kubmetr, Rusiyada 1,3 milyard kubmetr, Kanadada 0,9 milyard kubmetr və Nigeriyada 0,6 milyard kubmetr hasilat artımı hesabına qismən kompensasiya edilib”, – deyə IEF-in məlumatında bildirilir.
İcmalda həmçinin qeyd olunur ki, JODI-yə məlumat təqdim edən ölkələrdə təbii qaza tələbat 2026-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə 1,8 milyard kubmetr, illik ifadədə isə 6,1 milyard kubmetr artıb.
“Tələbatın aylıq artımı əsasən Kanadada 1,8 milyard kubmetr, ABŞ-da 0,9 milyard kubmetr, Avstraliya və Almaniyada ayrı-ayrılıqda 0,4 milyard kubmetr, eləcə də Qətərdə 0,3 milyard kubmetr istehlak artımı ilə əlaqədar olub.
Bununla yanaşı, tələbat Yaponiyada 0,9 milyard kubmetr, İtaliyada 0,7 milyard kubmetr və İndoneziyada 0,4 milyard kubmetr azalıb.
İllik ifadədə tələbatın artımı əsasən ABŞ-da 4,7 milyard kubmetr, Kanadada 2,9 milyard kubmetr və İndoneziyada 0,6 milyard kubmetr istehlak artımı ilə şərtlənib”, – deyə IEF bildirir.
Forumun məlumatına görə, illik ifadədə təbii qaza tələbat Qətərdə 2 milyard kubmetr, Yaponiyada isə 0,4 milyard kubmetr azalıb.