Bakı. Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni qarşıdurmaların deyil, davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu konkret addımları ilə nümayiş etdirib. Bakı Ermənistanla münasibətlərin normallaşdırılması, qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tanınması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi üçün təşəbbüslər irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfinin davranışında eyni ardıcıllığı görmək hələ də mümkün deyil.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ermənistan yenə də öz ənənəsinə sadiq qalaraq bir çox hallarda sözdə başqa, əməldə isə başqa mövqe nümayiş etdirir: "İrəvandan sülhlə bağlı müsbət bəyanatlar səsləndirilsə də, prosesin praktiki mərhələsində müxtəlif bəhanələrin və ziddiyyətli yanaşmaların ortaya çıxması haqlı suallar yaradır. Bu isə Ermənistanın həqiqətən sülh müqaviləsinin tezliklə imzalanmasında nə dərəcədə maraqlı olması ilə bağlı şübhələri artırır.
Halbuki mövcud reallıqda sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionda yeni geosiyasi reallıq yaradıb və müstəqil siyasətini davam etdirmək üçün kifayət qədər siyasi və iqtisadi imkanlara malikdir. Ermənistan isə uzun illər davam edən qarşıdurma siyasətinin ağır nəticələrindən çıxmaq, regional təcriddən qurtulmaq və iqtisadi inkişaf üçün yeni imkanlar əldə etmək istəyirsə, ilk növbədə Azərbaycanla münasibətlərini normallaşdırmalıdır".
A.Həsənova bildirib ki, sülh müqaviləsi Ermənistan üçün regiondakı iqtisadi və nəqliyyat layihələrində iştirak etmək, qonşu dövlətlərlə münasibətlərini yeni əsaslar üzərində qurmaq və uzunmüddətli inkişaf imkanları əldə etmək baxımından mühüm fürsətdir: "Buna görə də İrəvanın prosesi uzatmaq cəhdləri ilk növbədə Ermənistanın öz maraqlarına ziddir.
Azərbaycanın Ermənistandan istədiyi qeyri-adi və ya beynəlxalq hüquqa zidd hər hansı tələb deyil. Söhbət dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsindən, Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasından və üzərinə götürülən öhdəliklərə əməl edilməsindən gedir. Əgər Ermənistan həqiqətən Azərbaycanla yeni səhifə açmaq niyyətindədirsə, bunu yalnız bəyanatlarla deyil, konkret qərarlarla sübut etməlidir.
İrəvan anlamalıdır ki, vaxtı uzatmaqla regionda formalaşmış reallığı dəyişmək mümkün deyil. Azərbaycan artıq öz suverenliyini və ərazi bütövlüyünü təmin edib və ölkəmizin mövqeyi kifayət qədər güclüdür. Buna görə sülh prosesinin ləngidilməsinin Azərbaycana təzyiq vasitəsinə çevriləcəyini düşünmək yanlış yanaşmadır.
Əksinə, prosesin uzanması Ermənistanın regional əməkdaşlıq imkanlarından daha uzun müddət kənarda qalmasına səbəb olacaq. Cənubi Qafqazda açılan yeni iqtisadi imkanlardan istifadə etmək istəyən Ermənistan keçmişin revanşist yanaşmalarından və ikili siyasətdən tamamilə uzaqlaşmalıdır.
Azərbaycan sülhə hazır olduğunu sözlə deyil, indiyədək atdığı addımlarla göstərib. İndi növbə Ermənistandadır. İrəvan sülh istəyirsə, bəyanatlarla real siyasəti arasındakı ziddiyyəti aradan qaldırmalı, prosesi süni şəkildə uzatmaq cəhdlərindən əl çəkməli və konkret addımlar atmalıdır. Çünki mövcud şəraitdə sülh və regional əməkdaşlığın yaratdığı imkanlara Azərbaycandan daha çox Ermənistanın ehtiyacı var".