Bakı. Trend:
Polşada rusiyalı karikaturaçı-rəssam Semyon Skrepetskinin qətli ilə bağlı Azərbaycan əsilli iki Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin koordinatoru Tomaş Semonyak öz "X" hesabında məlumat verib. O, qətldə şübhəli bilinən şəxsin ehtimal olunan əlbirini saxlayıb. 22 yaşlı Məhmud A. qətldə köməkçilikdə, həmçinin qanunsuz silah saxlamaqda ittiham olunur. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə həbs edilib. Şübhəli şəxs ittihamları qəbul etməyib.
Tomaş Semyonyak bildirib ki, istintaq davam edir və iş üzrə yeni təfərrüatlar ortaya çıxa bilər.
RMF FM radiosunun məlumatına görə, Məhmud A. hadisədən əvvəl rəssamı izləyib və onunla bağlı məlumatları ehtimal olunan qatilə ötürüb.
Qeyd edək ki, daha əvvəl qətllə bağlı 36 yaşlı Gürcüstan vətəndaşı Elnur A. da saxlanılıb. O, qətldə şübhəli bilinir.
44 yaşlı Semyon Skrepetski (əsl adı Robert Kuzovkov) 2021-ci ildən Polşada yaşayırdı. O, siyasi karikaturaları və Rusiya-Ukrayna müharibəsinə qarşı yönəlmiş etiraz aksiyaları ilə tanınırdı.
İyunun 15-də Polşanın Biala-Podlyaska şəhərində avtomobil dayanacağında rəssama beş dəfə atəş açılıb. O, aldığı güllə yaralarından hadisə yerində ölüb.
Polşa hüquq-mühafizə orqanları qətlin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırmanı davam etdirir.