Bakı. Trend:
Fransada indiyədək əsasən iribuynuzlu mal-qarada yayıldığı və insanlara keçmədiyi hesab edilən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb.
Bu barədə Fransa hakimiyyətinin açıqlamasına istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ağır xəstəlik səbəbindən Lion şəhərində müalicə alan və immun sistemi ciddi şəkildə zəifləmiş pasiyentdə Şamonda virusu aşkarlanıb. Pasiyent oktyabrın əvvəlində vəfat edib.
Fransanın səhiyyə və kənd təsərrüfatı qurumlarının məlumatına əsasən, bu, virusun insanda qeydə alınmış ilk təsdiqlənmiş halıdır. Hadisə ilə bağlı klinik, laborator və epidemioloji araşdırmalar davam etdirilir.
İlkin ehtimala görə, pasiyent Fransanın şərqində virus daşıyan Culicoides cinsinə aid xırda qansoran həşəratın dişləməsi nəticəsində yoluxub. Həmin ərazidə 2026-cı ilin yaz və yay aylarında virusun heyvanlar arasında yayıldığı bildirilir.
Fransa hakimiyyəti hazırda ümumi əhali üçün hər hansı sağlamlıq riskinin müəyyən edilmədiyini vurğulayıb. Bununla belə, ilk insan yoluxmasının qeydə alınması virusun ötürülmə xüsusiyyətlərinin daha ətraflı araşdırılmasını zəruri edir.
Qeyd edək ki, Şamonda virusu Orthobunyavirus qrupuna aiddir və ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. Sonrakı illərdə virus Afrika və Yaponiyada heyvanlar arasında qeydə alınıb. 2026-cı ilin yayında isə Avropanın bir sıra ölkələrində, o cümlədən Fransada iribuynuzlu mal-qarada aşkarlanıb.
Virus əsasən qansoran xırda həşəratlar vasitəsilə yayılır. Yoluxmuş mal-qarada qızdırma, ishal, halsızlıq və süd məhsuldarlığının azalması kimi əlamətlər müşahidə oluna bilər.
Fransa hakimiyyətinin məlumatına görə, insanlarda əvvəlki yoluxma halları sənədləşdirilməyib. Hazırkı hadisənin müstəsna xarakter daşıdığı bildirilir və araşdırmaların nəticələri gözlənilir.