Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Niyazoba kəndində növbəti səyyar qəbul keçirib. Tədbirdə yerli hüquq-mühafizə orqanlarının, müvafiq idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda Niyazoba inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Niyazoba, Qarabağlı, Əbilyataq, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, içməli su təchizatının yaxşılaşdırılması və digər sosial-məişət məsələləri ilə bağlı aidiyyəti üzrə müraciətlər ünvanlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlər isə nəzarətə götürülüb.
Sonda sakinlər kəndlərdə yaradılan şəraitə və göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.






















