Bakı. Trend:
Azərbaycanda növbəti illərdə dövlət büdcəsinin təxminən 60 faizinin elektron proqnozlaşdırma əsasında formalaşdırılması mümkün olacaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması, dövlət xidmətlərinin, dövlət satınalmalarının, dövlət maliyyəsinin və büdcə proqnozlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, ölkə başçısı tərəfindən rəqəmsallaşma sahəsində müvafiq dövlət proqramı və tədbirlər planı təsdiq edilib. Eyni zamanda, cari və növbəti illərdə, eləcə də sonrakı dövrdə bu sahədə görüləcək işlərin əlaqələndirilməsi məqsədilə müvafiq Şura yaradılıb.
Sahil Babayev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura ölkənin iqtisadi, ictimai və sosial həyatının bütün istiqamətləri üzrə rəqəmsallaşma tədbirlərinin əlaqələndirilməsini təmin edəcək.
Nazir vurğulayıb ki, Maliyyə Nazirliyinin əsas məqsədi dövlət xidmətlərinin sadəcə elektronlaşdırılması deyil, onların vahid elektron portal və ekosistem çərçivəsində birləşdirilməsidir.
“Əsas yanaşma müxtəlif xidmətlərin elektronlaşdırılması dərəcəsi deyil, məhz vahid elektron portal, elektron ekosistem üzərindən müxtəlif dövlət xidmətlərinin, dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılmasıdır”, - deyə o bildirib.
Sahil Babayevin sözlərinə görə, Prezidentin müvafiq fərmanı ilə Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi yaradılıb və cari il ərzində onun bir sıra komponentlərinin və alt komponentlərinin icrasına başlanılıb.
O bildirib ki, vahid sistem dövlət maliyyəsi sahəsində məlumatlara əsaslanan qərarların qəbul edilməsi, proqnozlaşdırma və təhlillərin aparılması üçün geniş imkanlar yaradacaq. Müxtəlif alt sistemlərin vahid çərçivədə birləşdirilməsi və məlumatların qarşılıqlı əlaqələndirilməsi dövlət maliyyə siyasətinin daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq.
Nazir dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışarkən, resursların planlaşdırılmasını nəzərdə tutan Dövlət sektorunda resursların vahid rəqəmsal idarəetmə modeli (GRP - "Government Resource Planning") yanaşması əsasında yaradılan elektron mühasibatlıq komponentini xüsusi qeyd edib.
Onun sözlərinə görə, bu komponentin yaradılmasına başlanılıb və sistem mərhələli şəkildə istifadəyə verilir. Avqust ayından etibarən 260-dan çox dövlət qurumuna müvafiq təlimlər keçirilib, dövlət qurumlarının mühasibat hesabatlarının tam elektronlaşdırılması prosesinə başlanılıb.
“İlin sonunadək 2 milyondan çox inventarın vahid elektron mühasibat sistemində qeydiyyata alınmasını və bununla da müvafiq məlumat bazasının formalaşdırılmasını təmin etməyi planlaşdırırıq”, - deyə nazir bildirib.
Sahil Babayev əlavə edib ki, gələn ildən etibarən proses bütün dövlət təşkilatlarını əhatə edəcək. Onun fikrincə, təxminən üç il ərzində Azərbaycanın dövlət vəsaitlərinin, dövlət aktivlərinin və qeyri-maliyyə aktivlərinin tam elektron uçotunu aparmağa imkan verən vahid reyestrin yaradılması mümkün olacaq.
Nazir qeyd edib ki, həmin reyestrin elektron müqavilə, elektron xəzinə və elektron büdcə sistemləri ilə inteqrasiyası nəzərdə tutulur. Bu, dövlət maliyyəsi üzrə məlumatların vahid platformada birləşdirilməsinə və büdcə planlaşdırılmasının daha dəqiq aparılmasına imkan verəcək.
“Bu reyestr üzərindən proqnozlaşdırma aparıldığı təqdirdə, hesab edirik ki, növbəti illərdə dövlət büdcəsinin təxminən 60 faizinin elektron proqnozlaşdırma əsasında formalaşdırılması mümkün olacaq. Müvafiq məlumatlar vahid bazada toplandıqdan sonra dövlət büdcəsinin 60 faizinin proqnozlaşdırılması elektron şəkildə həyata keçirilə biləcək”, - deyə o vurğulayıb.