Bakı. Trend:
İsrail, xüsusilə iqlim dəyişikliyinə uyğunlaşma və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıq etmək məqsədilə Sakit Okean Adaları Forumuna tərəfdaş qismində qoşulub. Bu barədə İsrail Xarici İşlər Nazirliyi çərşənbə günü məlumat yayıb. Bu addım İsrailin sözügedən blokla əlaqələrini dərinləşdirdiyi bir vaxta təsadüf edir.
Nazirliyin bəyanatında qeyd olunub: “Əməkdaşlıq regional prioritetlərə, İsrailin su ehtiyatlarının idarə olunması, suyun duzsuzlaşdırılması, kənd təsərrüfatı, iqlim dəyişikliyinə uyğunlaşma, innovasiya və dayanıqlı inkişaf sahələrindəki təcrübəsinə əsaslanacaq”. Müraciətə baxmayaraq, forum nümayəndələri hələlik məsələ ilə bağlı şərh verməyiblər.
Sakit Okean Adaları Forumu və onun 18 üzvü Çin regionda təsirini genişləndirməyə çalışdığı, xüsusilə ABŞ və Avstraliya kimi ənənəvi güclərlə rəqabət apardığı bir dövrdə mühüm diplomatik əhəmiyyət daşıyır.
Forumun ABŞ, Çin, Fransa və Böyük Britaniya da daxil olmaqla, 30 inkişaf tərəfdaşı var. Bloka daxil olan ölkələrin liderləri ötən il regiondan kənar dövlətlərlə münasibətlərin xarakterinin dəyişdirilməsi, həmin dövlətlərlə əməkdaşlığın sahəvi, hətta strateji səviyyəyə yüksəldilməsi barədə razılığa gəliblər. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, bu çərçivədə İsrail forumun sahəvi tərəfdaşına çevrilir.
İsrail hazırda Sakit Okean ölkələri ilə əlaqələrini gücləndirir. Sentyabr ayında kiçik ada dövləti olan Nauru Qüdsdə səfirliyini açıb. Bununla da Nauru diplomatik nümayəndəliyini Təl-Əvivdə deyil, Qüdsdə yerləşdirən azsaylı ölkələr sırasına qoşulub.
Forumun digər üzvləri olan Papua-Yeni Qvineya və Fici də İsraildəki səfirliklərini Qüdsdə yerləşdiriblər. Blokun üzvü olan Samoa da bu il eyni addımı atmalıdır.
İsrail Qüdsü özünün bölünməz paytaxtı hesab edir. Lakin ABŞ da daxil olmaqla, azsaylı ölkələr istisna olmaqla, beynəlxalq ictimaiyyət bu mövqeyi tanımır.