Bakı. Trend:
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) Azərbaycan startaplarının beynəlxalq bazarlara çıxışını dəstəkləməyə hazırdır.
Bunu DCO-nun Şura məsələləri və strateji əlaqələr üzrə rəhbəri Ömər Əl-Nemer (Omar AlNemer) Trend-ə özəl müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanən DCO-nun Nizamnaməsini imzalaması ölkənin tamhüquqlu üzvlüyə doğru irəliləməsi və beynəlxalq rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm addımdır. Bu proses rəqəmsal ticarət, süni intellekt, rəqəmsal dövlət infrastrukturu və Azərbaycan texnologiya şirkətlərinin beynəlxalq bazarlara çıxışı sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
“Azərbaycanın 5 oktyabr 2026-cı il tarixində DCO Nizamnaməsini imzalaması rəqəmsal transformasiya sahəsində ortaq prioritetləri konkret nəticələrə çevirmək istəyini əks etdirir. Biz yaxın perspektivdə üç əsas əməkdaşlıq istiqaməti görürük: rəqəmsal ticarətin və sərhədlərarası bağlantıların gücləndirilməsi; süni intellekt və rəqəmsal dövlət infrastrukturunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi; Azərbaycan startaplarının və texnologiya şirkətlərinin beynəlxalq bazarlara və investorlara çıxışının təmin edilməsi”, - deyə o bildirib.
Ömər Əl-Nemer qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yerləşən strateji mövqeyi ölkəyə regional rəqəmsal körpüyə çevrilmək üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, əsas məqsəd ölçülə bilən iqtisadi dəyər yaradan və DCO-nun fəaliyyət göstərdiyi bazarlar arasında əməkdaşlığı gücləndirən praktiki təşəbbüsləri həyata keçirməkdir.
DCO Azərbaycan rəqəmsal iqtisadiyyatına investisiyaların cəlb edilməsinə dəstək verə bilər
DCO ilə daha sıx əməkdaşlığın Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından potensialına toxunan Ömər Əl-Nemer bildirib ki, təşkilat milli rəqəmsal prioritetləri beynəlxalq investorlar, bazarlar və siyasət çərçivələri ilə əlaqələndirməklə ölkənin investisiya cəlbediciliyinin artırılmasına töhfə verə bilər.
“Azərbaycan süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal infrastruktur və innovasiya sahələrində iddialı hədəflər müəyyənləşdirib. DCO-nun “Digital Economy Navigator” (Rəqəmsal İqtisadiyyat Bələdçisi) aləti investisiya imkanlarını və mövcud boşluqları müəyyənləşdirməyə kömək edə bilər. Rəqəmsal iqtisadiyyat siyasəti sahəsində fəaliyyətimiz isə tənzimləmə mühitinin daha proqnozlaşdırıla bilən olmasına töhfə verə bilər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, STRIDE və “DCO InvestConnect” kimi təşəbbüslər Azərbaycan texnologiya şirkətlərinin beynəlxalq investorlar və strateji tərəfdaşlarla əlaqələndirilməsi üçün imkanlar yarada bilər.
“Azərbaycanın yalnız rəqəmsal texnologiyalar bazarı kimi deyil, həm də innovativ həllərin hazırlandığı, maliyyələşdirildiyi və ixrac olunduğu regional mərkəzə çevrilmək hədəflərini dəstəkləmək istəyirik”, - deyə DCO nümayəndəsi əlavə edib.
Sərhədlərarası rəqəmsal bağlantılar və ticarət
Ömər Əl-Nemer hesab edir ki, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal körpü rolunu gücləndirməsi üçün fiziki bağlantılarla yanaşı, rəqəmsal sistemlərin uyğunluğu, etibarlı məlumat mübadiləsi və bizneslərin sərhədlər boyunca fəaliyyət göstərməsinə imkan verən tənzimləyici çərçivələr də vacibdir.
O bildirib ki, Azərbaycan rəhbərliyi ilə DCO-nun baş katibi arasında keçirilən müzakirələr regional bağlantılar, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını ön plana çıxarıb.
“DCO “Model Digital Economy Agreement” (MDEA) - Rəqəmsal İqtisadiyyat üzrə Model Saziş kimi çərçivələr vasitəsilə tənzimləyici yanaşmaların uzlaşdırılması, rəqəmsal ticarət və sərhədlərarası məlumat mübadiləsinin etibarlılığının təmin edilməsi üzrə dialoqa dəstək verə bilər”, - deyə Ö. Əl-Nemer qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal identifikasiya, elektron imzalar, sənədsiz ticarət və sərhədlərarası xidmətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılması Azərbaycanın coğrafi üstünlüyünü daha geniş iqtisadi inteqrasiyaya və rəqəmsal imkanlara çevirməyə kömək edə bilər.
Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxışı
DCO nümayəndəsi Azərbaycanın rəqəmsal dövlət xidmətləri sahəsində təcrübəsinin də beynəlxalq əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib.
Ömər Əl-Nemer qeyd edib ki, “mygov”, “Digital Login”, “Digital Bridge” və SİMA kimi platformalar üzrə təcrübə üzv dövlətlərlə bölüşülə, texniki bilik mübadiləsi aparıla və mümkün tərəfdaşlıqlar, eləcə də pilot layihələr nəzərdən keçirilə bilər.
“Dövlət qurumları arasında əməkdaşlıqdan əlavə, bu platformalar Azərbaycan texnologiya şirkətlərinin DCO-nun geniş tərəfdaşlıq şəbəkəsi vasitəsilə yeni müştərilərə və bazarlara çıxması üçün də imkanlar yarada bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, məqsəd yalnız qabaqcıl təcrübələri bölüşmək deyil, həm də ölçülə bilən iqtisadi və sosial fayda verən, səmərəliliyi sübut olunmuş rəqəmsal həllərin daha geniş miqyasda tətbiqinə dəstək göstərməkdir.
Süni intellektin tətbiqində bacarıqlar və təhlükəsizlik vacibdir
Ömər Əl-Nemer süni intellektin iqtisadiyyata və əmək bazarına təsirlərindən danışarkən onun uğurlu tətbiqinin üç əsas amilə - müvafiq imkanların yaradılmasına, texnologiyanın tətbiqinə və etimadın təmin edilməsinə - əsaslandığını bildirib.
“Ölkələr rəqəmsal infrastruktura, keyfiyyətli məlumatlara və süni intellekt sahəsində bacarıqların inkişafına investisiya yatırmalı, eyni zamanda dövlət idarəçiliyində, biznesdə və iqtisadiyyatın əsas sektorlarında bu texnologiyaların praktik tətbiqini sürətləndirməlidirlər. Bununla yanaşı, kibertəhlükəsizlik, məxfiliyin qorunması və süni intellektin məsuliyyətli idarə olunması prinsipləri ilkin mərhələdən etibarən nəzərə alınmalıdır”, - deyə o vurğulayıb.
DCO nümayəndəsi işçi qüvvəsinin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hökumətlər və biznes subyektləri rəqəmsal bacarıqları genişləndirməli, davamlı yenidən hazırlıq proqramlarını dəstəkləməli və işçilərin süni intellektin yaratdığı iqtisadi dəyişikliklərə uyğunlaşmasına şərait yaratmalıdırlar.
Ö. Əl-Nemer əlavə edib ki, Azərbaycan üçün süni intellektin inkişafını iqtisadi siyasət, bacarıqların artırılması və kibertəhlükəsizlik sahəsindəki prioritetlərlə uzlaşdırmaq vacibdir: “DCO bu istiqamətdə siyasət mübadiləsi, süni intellektin idarə olunması alətləri, potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq vasitəsilə dəstək verə bilər. Bundan əlavə, davamlı iqtisadi artımı təmin etmək üçün məsuliyyətli süni intellekt tətbiqi və innovasiya paralel şəkildə inkişaf etməlidir”, - deyə o qeyd edib.
Azərbaycan startaplarının beynəlxalq bazarlara çıxışı
Ömər Əl-Nemerin sözlərinə görə, DCO-nun prioritetlərindən biri startaplar və bizneslər üçün rəqəmsal imkanları genişləndirmək, beynəlxalq əməkdaşlığı yeni bazarlara, investisiyalara, müştərilərə və strateji tərəfdaşlıqlara çıxış üçün konkret imkanlara çevirməkdir.
O bildirib ki, Nizamnamənin imzalanması Azərbaycan innovasiya ekosistemi ilə DCO-nun STRIDE, “Startup Nexus” və “DCO InvestConnect” kimi təşəbbüsləri arasında daha sıx əlaqələrin qurulması imkanlarını araşdırmaq üçün zəmin yaradır.
“Müvafiq razılaşmaların əldə olunmasından asılı olaraq, bu proqramlar DCO bazarlarında sahibkarlıq şəbəkələrinə, investorlara, akseleratorlara və kommersiya tərəfdaşlarına çıxış üçün potensial imkanlar yarada bilər”, - deyə o bildirib.
DCO nümayəndəsi beynəlxalq bazarlara çıxmaq potensialına malik Azərbaycan şirkətlərinin müəyyənləşdirilməsi, onların genişlənmə imkanlarının qiymətləndirilməsi və uyğun tərəfdaşlarla əlaqələndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını vurğulayıb.
Onun sözlərinə görə, məqsəd Azərbaycan startaplarının beynəlxalq miqyasda inkişafı üçün dayanıqlı imkanlar yaratmaqla yanaşı, ölkəni innovasiya və rəqəmsal investisiyalar üçün cəlbedici məkana çevirməkdir.
Əməkdaşlığın nəticələri konkret göstəricilərlə ölçülməlidir
Ö. Əl-Nemer hesab edir ki, Azərbaycanın DCO ilə əməkdaşlığının uğuru yalnız imzalanmış sazişlər və verilmiş bəyanatlarla deyil, əldə olunan konkret nəticələrlə qiymətləndirilməlidir.
“5 oktyabr 2026-cı il tarixində Nizamnamənin imzalanması mühüm mərhələdir. Lakin əsas göstərici bundan sonra əldə ediləcək nəticələr olacaq: Azərbaycan startaplarının yeni bazarlara çıxması, yeni investisiya imkanlarının yaradılması, birgə rəqəmsal layihələrin həyata keçirilməsi və Azərbaycan texnologiya həllərinin beynəlxalq səviyyədə daha geniş tətbiqi”, - deyə o bildirib.
DCO nümayəndəsinin sözlərinə görə, rəqəmsal bacarıqların inkişafı, süni intellektin tətbiqi, kibertəhlükəsizliyə hazırlıq və rəqəmsal iqtisadiyyatın ümumi inkişafı üzrə irəliləyiş də qiymətləndirilməlidir.
O qeyd edib ki, DCO-nun “Digital Economy Navigator” aləti nəticələrin sübutlara əsaslanan şəkildə qiymətləndirilməsinə kömək edə bilər. Əməkdaşlığın konkret nəticələrini izləmək üçün birgə qiymətləndirmə çərçivəsinin yaradılması imkanları da nəzərdən keçirilə bilər.
“Nəticə etibarilə, uğur Azərbaycanın beynəlxalq rəqəmsal əməkdaşlıqda fəal iştirakçıya çevrilməsi, regional bazarları birləşdirməsi və bizneslər, eləcə də cəmiyyət üçün ölçülə bilən iqtisadi imkanlar yaratması deməkdir”, - deyə Ömər Əl-Nemer fikrini yekunlaşdırıb.