Bakı.Trend:
Qazaxıstanla Qırğızıstan sərhədində Azərbaycan əsilli rusiyalı reper "Navai" (Nəvai Bəkirov) saxlanılarkən onun üzərindən 2,53 qram marixuana aşkarlanıb.
TASS-ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Rusiyanın Almatıdakı Baş Konsulluğunun notasına cavabında bildirilib.
“Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, təqdim edilmiş maddə narkotik vasitə olan marixuanadır. Çəkisi 2,53 qramdır”, – deyə sənəddə Qazaxıstanın səlahiyyətli orqanlarının məlumatlarına istinadən bildirilib.
Qazaxıstan XİN-in cavabında qeyd olunub ki, Bəkirov oktyabrın 13-də ölkəyə daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Ona qarşı narkotik vasitələrin qaçaqmalçılığına cəhd və qanunsuz saxlanması maddələri ilə cinayət işi açılıb.
Oktyabrın 20-də isə Jambıl vilayətinin Polis Departamentindən TASS-a bildirilib ki, reper barəsində cinayət işinə reabilitasiya hüququ verməyən əsaslarla xitam verilib. Qərar hüquq pozuntusunun ilk dəfə törədilməsi və Bəkirovun əməlindən səmimi peşmanlıq çəkməsi nəzərə alınmaqla qəbul edilib. Bəkirov Qazaxıstan ərazisindən deportasiya olunub.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Almatıdakı Baş Konsulluğu "Navai" ilə bağlı vəziyyətə dair rəsmi şərh verilməsi sorğusu ilə Qazaxıstan XİN-in nümayəndəliyinə nota göndərmişdi.