Bakı.Trend:
Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələrdə rəqəmsal əlçatanlığın genişləndirilməsi, xidmətlərin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılmasına yönəlmiş ilk rəqəmsal strategiyasını təqdim edib.
Dünya Bankının səhifəsində dərc olunan məlumatda strategiyanın dörd əsas istiqaməti əhatə etdiyi bildirilir.
Bunlar etibarlı internet bağlantısına çıxışın genişləndirilməsi, cihazların və məlumat ötürülməsinin qiymətinin azaldılması, rəqəmsal xidmətlərin və bacarıqların inkişafı, eləcə də ölkələrin süni intellektdən (Sİ) istifadəyə hazırlanmasıdır.
“Rəqəmsal texnologiyalar ölkələrə iş yerləri yaratmağa və məhdud resurslardan daha səmərəli istifadə etməyə kömək edə bilər. Bu potensialı reallaşdırmaq üçün etibarlı internet bağlantısını, əlçatan cihazları, rəqəmsal bacarıqları və faydalı xidmətləri əhatə edən kompleks yanaşma lazımdır”, – deyə Dünya Bankı Qrupunun prezidenti Ajay Banqa bildirib.
Onun sözlərinə görə, strategiya bu istiqamətləri birləşdirərək ölkələrdə müasir rəqəmsal vasitələrdən və insanların ehtiyaclarına uyğunlaşdırılmış “kiçik süni intellekt”in potensialından istifadə üçün şərait yaratmağa kömək edəcək.
Bankın məlumatına görə, qarşıdakı 10-15 il ərzində inkişaf etməkdə olan ölkələrdə 1,2 milyard gənc əmək qabiliyyətli yaşa çatacaq. Bununla yanaşı, proqnozlara əsasən, həmin ölkələrin iqtisadiyyatlarında təxminən 420 milyon iş yeri yaradılacaq.
“Rəqəmsal texnologiyalar Dünya Bankı Qrupunun prioritet hesab etdiyi beş sektorda – infrastruktur və energetika, aqrobiznes, səhiyyə, turizm və yüksək əlavə dəyər yaradan məhsulların istehsalı sahələrində yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Bu texnologiyalar, həmçinin müəssisələrə müştəri bazasını genişləndirməyə, məhsuldarlığı artırmağa, maliyyələşməyə çıxış əldə etməyə və dövlət xidmətlərinin göstərilməsi xərclərini azaltmağa kömək edə bilər.
2025-ci ildə dünyada 2 milyarddan çox insanın internetə çıxışı olmayıb. Aşağı gəlirli ölkələrdə əhalinin yalnız 23 faizi internetdən istifadə edib. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 94 faiz olub. Bununla yanaşı, əhalinin bir hissəsi mobil şəbəkələrin əhatə dairəsində yaşasa da, smartfon və mobil internet xidmətlərini almağa maddi imkanı çatmır, zəruri rəqəmsal bacarıqlara malik deyil və ya tələb olunan xidmətlərdən məhdud şəkildə yararlanır.
Strategiya çərçivəsində Dünya Bankı beynəlxalq kabellər, milli bağlantılar, eləcə də ev təsərrüfatlarını, müəssisələri, məktəbləri və tibb müəssisələrini internetə qoşan şəbəkələr də daxil olmaqla, şəbəkə infrastrukturundakı boşluqların aradan qaldırılmasına dəstək verməyi planlaşdırır. İnfrastrukturun birgə istifadəsinin təşviqi, rəqabətin inkişafı, eləcə də əhatə dairəsi kifayət qədər geniş olmayan bazarlara özəl investisiyaların cəlb edilməsi üçün dövlət maliyyələşməsindən və zəmanətlərindən istifadə nəzərdə tutulur. Həm elektrik enerjisinin, həm də rabitənin olmadığı regionlarda bu iki sahənin inkişafının birgə planlaşdırılması təklif edilir”, – deyə bankın məlumatında qeyd olunub.
Bildirilir ki, digər istiqamət cihazların və məlumat ötürülməsinin daha əlçatan olmasıdır. Bu məqsədlə smartfonların ilkin səviyyəli modellərinin qiymətini azaltmaq və hissə-hissə ödəniş imkanlarını genişləndirmək üçün istehsalçılar, mobil rabitə operatorları, maliyyə təşkilatları, eləcə də cihazların bərpası və təkrar istifadəsi ilə məşğul olan şirkətlərlə tərəfdaşlıqların inkişafı nəzərdə tutulur.
“Strategiya, həmçinin dövlət və özəl xidmətlərə çıxışı asanlaşdıran rəqəmsal identifikasiya, ödəniş sistemləri və məlumatların təhlükəsiz mübadiləsinin inkişafını əhatə edir. Bundan əlavə, Dünya Bankı rəqəmsal savadlılığın artırılmasını və məşğulluqla əlaqəli peşə təlimlərini dəstəkləməyi planlaşdırır.
Süni intellekt sahəsində strategiya rabitə infrastrukturunun inkişafını, hesablama resurslarına çıxışı, istifadəyə yararlı yerli məlumat bazalarının formalaşdırılmasını və mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Xüsusi diqqət konkret vəzifələrə və yerli şəraitə uyğunlaşdırılmış “kiçik süni intellekt” vasitələrinə yetirilir. Bu texnologiyaların mümkün tətbiq sahələrinə kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin aşkarlanması, tibb işçilərinə dəstək və müəssisələrdə ehtiyatların idarə edilməsinə kömək daxildir.
Dörd istiqamətin hamısı üzrə məlumatların məxfiliyinin təmin edilməsi, kibertəhlükəsizlik və dələduzluqdan müdafiə də daxil olmaqla, qoruyucu tədbirlər nəzərdə tutulur”, – deyə bankın məlumatında bildirilir.
Dünya Bankı, həmçinin Süni intellekt infrastrukturu və istifadəyə hazırlıq təşəbbüsünün (AI Infrastructure and Readiness Initiative) başladığını elan edib. Bildirilir ki, təşəbbüs inkişaf etməkdə olan bazarların hökumətlərinə münasib qiymətə hesablama güclərinə çıxış əldə etməyə və praktiki problemlərin həllində “kiçik süni intellekt”dən istifadə etməyə kömək etmək məqsədi daşıyır.
“Təşəbbüs çərçivəsində istifadəyə görə ödəniş modelinə əsaslanan, birgə istifadə edilən qrafik prosessorlar (GPU) infrastrukturu nəzərdə tutulur. Qrafik prosessorlar süni intellekt tətbiqlərinin hazırlanması və işləməsi üçün zəruri hesablama gücünü təmin edir. Bu yanaşma ayrı-ayrı milli məlumat mərkəzlərinin yaradılmasına alternativ kimi nəzərdən keçirilir.
İlkin mərhələdə təşəbbüs Afrika və Latın Amerikasına yönələcək. Bilik mübadiləsi üzrə tərəfdaşlar arasında Cassava Technologies və NVIDIA şirkətləri yer alır”, – deyə Dünya Bankının məlumatında qeyd olunub.